← Mark (6/16) → |
1. | İsa oradan ayrılıb doğma yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi. |
2. | Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? |
3. | Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu. |
4. | İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». |
5. | Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. |
6. | İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı. |
7. | İsa On İki şagirdi yanına çağırıb onları iki-iki göndərməyə başladı və onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi. |
8. | Onlara tapşırdı ki, yol üçün əsadan başqa heç nə – nə çörək, nə torba, nə də qurşaqlarında pul götürsünlər, |
9. | ayaqlarına səndəl geysələr də, əyinlərinə iki köynək geyinməsinlər. |
10. | İsa onlara dedi: «Harada bir evə girsəniz, çıxanacan orada qalın. |
11. | Harada sizi qəbul etməyib sizə qulaq asmaq istəməzlərsə, oradan ayrılarkən onlara qarşı şəhadət olsun deyə ayaqlarınızın tozunu çırpın». |
12. | Onlar da yola düşdülər və vəz edərək insanları tövbəyə çağırdılar. |
13. | Çoxlu cin çıxartdılar, yağla məsh edərək çox xəstəyə şəfa verdilər. |
14. | Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». |
15. | Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir». |
16. | Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!» |
17. | Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı |
18. | və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». |
19. | Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. |
20. | Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi. |
21. | Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. |
22. | Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». |
23. | Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». |
24. | Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». |
25. | Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». |
26. | Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. |
27. | Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu |
28. | və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. |
29. | Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular. |
30. | Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər. |
31. | İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar. |
32. | Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər. |
33. | Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar. |
34. | İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı. |
35. | Vaxt keçirdi. Şagirdləri gəlib İsaya dedilər: «Bura çöllükdür, artıq gecdir. |
36. | Camaatı burax, qoy gedib ətrafdakı kənd və obalardan özlərinə bir şey alıb yesinlər». |
37. | Amma İsa onlara cavab verdi: «Onlara yeməyi siz verin». Şagirdlər İsaya dedilər: «Bəlkə gedib iki yüz dinarlıq çörək alaq və onlara verək ki, yesinlər?» |
38. | Amma İsa onlara dedi: «Gedin baxın, neçə çörəyiniz var?» Onlar da baxıb dedilər: «Beş çörəyimiz və iki balığımız var». |
39. | İsa onlara əmr etdi ki, camaatı dəstə-dəstə göy otların üstündə oturtsunlar. |
40. | Camaat yüz-yüz, əlli-əlli dəstə şəklində oturdu. |
41. | İsa beş çörəyi və iki balığı götürüb göyə baxaraq şükür duası etdi. Sonra çörəyi bölüb şagirdlərinə verdi ki, camaata paylasınlar. İki balığı da hamıya bölüşdürdü. |
42. | Hamı yeyib-doydu. |
43. | Artıq qalan çörək və balıq hissələrini yığdılar, on iki zənbil doldu. |
44. | Çörəkləri yeyən kişilərin sayı beş min nəfər idi. |
45. | Bundan dərhal sonra İsa camaatı evlərinə göndərərkən şagirdlərini də məcbur etdi ki, qayığa minib Özündən əvvəl o biri sahilə – Bet-Saydaya keçsinlər. |
46. | İsa camaatı yola salandan sonra dua etmək üçün dağa çıxdı. |
47. | Axşam olanda qayıq gölün ortasında idi. Amma İsa quruda tək dayanmışdı. |
48. | O gördü ki, şagirdləri güclə avar çəkir, çünki külək onlara qarşı əsirdi. Gecənin dördüncü növbəsi İsa gölün üstü ilə yeriyərək onların yanına gəldi və onları keçmək istədi. |
49. | Şagirdlərsə İsanın gölün üstü ilə yeridiyini görəndə Onu bir kabus bilib qışqırdılar. |
50. | Çünki hamı Onu görüb lərzəyə düşmüşdü. Lakin bu anda İsa onlara müraciət edib dedi: «Cəsarətli olun, Mənəm, qorxmayın!» |
51. | Qayığa minib onlara qoşuldu. Külək də sakitləşdi. Hamı tamamilə mat qaldı. |
52. | Çünki inadkar ürəkli olduqlarına görə çörəklə bağlı işi hələ də başa düşməmişdilər. |
53. | İsa və şagirdlər gölü keçib Ginesar sahilinə çatdılar və qayığı bağladılar. |
54. | Onlar qayıqdan düşən kimi camaat İsanı tanıdı |
55. | və qaçıb ətraf yerləri gəzib-dolaşdılar. İsanın harada olduğunu eşidəndə xəstələri yataqlar üstündə oraya gətirməyə başladılar. |
56. | İsanın getdiyi hər yerdə – kəndlərdə, şəhərlərdə, obalarda xəstələri gətirib meydanlara qoyurdular. Xəstələr heç olmasa İsanın paltarının ətəyinə toxunmaq üçün yalvarırdılar. Ona toxunanların hamısı sağalırdı. |
← Mark (6/16) → |