← Mark (5/16) → |
1. | Onlar gölün o biri sahilində yerləşən Gerasalıların diyarına getdilər. |
2. | İsa qayıqdan düşən kimi qəbir mağaralarından natəmiz ruha tutulmuş bir adam Onunla qarşılaşdı. |
3. | O, mağaralarda yaşayırdı və heç kim onu hətta zəncirləyərək saxlaya bilmirdi. |
4. | Neçə dəfə ona buxov, zəncir vurmuşdular, lakin o, zəncirləri qırmış, buxovları parçalamışdı. Heç kəsin onu sakit etməyə gücü çatmırdı. |
5. | Həmişə, gecə-gündüz qəbiristanlıqda, dağlarda çığırır və özünü daşlarla yaralayırdı. |
6. | O, İsanı uzaqdan görəndə qaçıb Ona səcdə qıldı, |
7. | bərkdən çığıraraq dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Səni and verirəm Allaha, mənə iztirab vermə!» |
8. | Çünki İsa ona demişdi: «Ey natəmiz ruh, bu adamdan çıx!» |
9. | Sonra İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Mənim adım Qoşundur, çünki biz çoxuq». |
10. | Ruhları bu diyardan qovmasın deyə o, İsaya çox yalvardı. |
11. | Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. |
12. | Natəmiz ruhlar İsaya yalvardılar: «Bizi donuzlara göndər ki, onların içinə girək». |
13. | İsa onlara izin verdi. Natəmiz ruhlar adamdan çıxıb donuzların içinə girdi. İki min baş heyvandan ibarət sürü də uçurumdan aşağı, gölə atılıb orada boğuldu. |
14. | Donuz otaranlar qaçıb bu xəbəri şəhər və kəndlərdə yaydılar. Camaat nə baş verdiyinə tamaşa etməyə gəldi. |
15. | Onlar İsanın yanına gəldilər, əvvəlcə bir qoşun cinə tutulmuş adamın geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. |
16. | Hadisəni görənlər cinə tutulmuş adamın başına gələnlər və donuzlar haqqında camaata söylədilər. |
17. | İsaya yalvarmağa başladılar ki, onların bölgəsindən çıxsın. |
18. | İsa qayığa minəndə əvvəlcə cinə tutulmuş adam Ona yalvardı ki, İsanın yanında qalsın. |
19. | İsa ona izin vermədi, amma dedi: «Evinə, qohum-əqrəbanın yanına get, Rəbbin sənə etdiyi hər şeyi və sənə necə mərhəmət göstərdiyini onlara danış». |
20. | Bu adam da gedib İsanın ona etdiyi hər şeyi Dekapolis bölgəsində yaymağa başladı və hamı heyrətləndi. |
21. | İsa yenə qayıqla o biri sahilə keçəndə yanına böyük bir izdiham yığıldı. O, gölün sahilində idi. |
22. | Sinaqoq rəislərindən Yair adlı bir adam gəlib İsanı görəndə ayaqlarına düşdü. |
23. | Ona çox yalvarıb dedi: «Qızcığazım can üstündədir. Gəl əllərini onun üstünə qoy ki, sağalıb yaşasın». |
24. | İsa da onunla birlikdə getdi. Ardınca böyük bir izdiham gedərək hər tərəfdən Onu sıxışdırırdı. |
25. | Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. |
26. | O, neçə həkimin əlindən xeyli əzab çəkmiş, bütün varını buna sərf etsə də, vəziyyəti yaxşılaşmamış, daha da pisləşmişdi. |
27. | Bu qadın İsa haqqında eşidib izdihamın içindən keçərək Onun arxasından gəldi və Onun paltarına toxundu. |
28. | Çünki bu cür düşünürdü: «Heç olmasa paltarına toxunsam, sağalaram». |
29. | Dərhal onun qanaxması kəsildi və bildi ki, bədənindəki xəstəlikdən sağaldı. |
30. | İsa dərhal bildi ki, Ondan bir qüvvə çıxdı və izdihamın içində dönüb soruşdu: «Paltarıma toxunan kim idi?» |
31. | Şagirdləri Ona cavab verdilər: «Görürsən ki, izdiham Səni sıxışdırır. Necə soruşa bilərsən ki, Mənə toxunan kim idi?» |
32. | Bunu edəni görmək üçün İsa ətrafa baxdı. |
33. | Qadınsa özünə nə olduğunu bildi. Qorxudan titrəyərək gəlib İsanın ayağına düşdü və bütün həqiqəti Ona söylədi. |
34. | İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get və xəstəliyindən sağal». |
35. | İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən adamlar gəlib dedi: «Qızın öldü. Daha Müəllimi niyə narahat edirsən?» |
36. | Lakin İsa bu sözə məhəl qoymayaraq sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et!» |
37. | O, Peter, Yaqub və Yaqubun qardaşı Yəhyadan başqa heç kimi ardınca gəlməyə qoymadı. |
38. | Onlar sinaqoq rəisinin evinə gələndə İsa çox hay-küy, ağlaşıb nalə çəkənlər gördü. |
39. | İsa içəri girəndə onlara dedi: «Niyə hay-küy salıb ağlaşırsınız? Uşaq ölməyib, sadəcə olaraq yatıb». |
40. | Onlar İsaya güldülər. Belə olanda İsa hamını bayıra çıxarandan sonra uşağın ata-anasını, Özü ilə gələnləri götürüb uşaq olan yerə girdi. |
41. | İsa uşağın əlindən tutub dedi: «Talita qum!» Bunun mənası belədir: «Qızcığaz, sənə deyirəm: qalx!» |
42. | On iki yaşlı qız dərhal qalxıb gəzməyə başladı. O an oradakılar tamamilə mat qaldı. |
43. | İsa onlara qadağan etdi ki, bunu heç kəs bilməsin və sonra dedi ki, qıza yemək versinlər. |
← Mark (5/16) → |