← Mark (2/16) → |
1. | Bir neçə gün sonra İsa yenə Kefernahuma gələndə Onun evdə olma xəbəri yayıldı. |
2. | O qədər çox adam yığıldı ki, qapının yanında durmağa belə, yer qalmamışdı. İsa onlara kəlamı vəz edirdi. |
3. | Adamlar dörd nəfərin daşıdığı bir iflici Onun yanına gətirdilər. |
4. | Amma böyük izdihama görə onu İsaya yaxın gətirə bilmədilər. Ona görə də İsa olan evin damını söküb yer açandan sonra iflici yatdığı döşəklə birgə aşağı endirdilər. |
5. | İsa onların imanını görəndə iflic olan adama dedi: «Oğlum, günahların bağışlandı». |
6. | Lakin orada oturan bəzi ilahiyyatçılar ürəklərində belə düşündülər: |
7. | «Bu Adam niyə belə danışır? Bu ki küfrdür! Tək Allahdan başqa günahları kim bağışlaya bilər?» |
8. | İsa dərhal onların ürəyində nə fikirləşdiyini ruhən dərk edib dedi: «Niyə ürəyinizdə belə düşünürsünüz? |
9. | Bax hansı daha asandır? İflicə “günahların bağışlandı” deməkmi, yoxsa “Qalx, döşəyini götür və yeri!” demək? |
10. | Lakin siz bilin ki, Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» və iflicə dedi: |
11. | «Sənə deyirəm, qalx, döşəyini götür və evinə get!» |
12. | Xəstə qalxdı və dərhal döşəyini götürərək hamının qarşısında çıxıb getdi. Hamı mat qaldı və Allahı izzətləndirib dedi: «Biz heç vaxt belə şey görməmişik». |
13. | İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi. |
14. | Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. |
15. | İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi. |
16. | Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» |
17. | İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm». |
18. | Yəhyanın şagirdləri və fariseylər oruc tuturdular. Bəzi adamlar İsanın yanına gəlib soruşdular: «Nə üçün Yəhyanın şagirdləri və fariseylərin şagirdləri oruc tutur, amma Sənin şagirdlərin oruc tutmur?» |
19. | İsa onlara cavab verdi: «Bəy yanlarında olanda sağdışı və soldışı oruc tutarmı? Nə qədər ki bəy onların yanındadır, onlar oruc tutmazlar. |
20. | Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruc tutacaqlar. |
21. | Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Yoxsa təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. |
22. | Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa şərab tuluqları partladar, həm şərab, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır». |
23. | Bir Şənbə günü İsa taxıl zəmiləri arasından keçirdi. Şagirdləri yoldan keçərkən sünbülləri qırmağa başladılar. |
24. | Fariseylər Ona dedilər: «Bəs niyə onlar Şənbə günü qadağan olunan işləri görürlər?» |
25. | İsa onlara dedi: «Davud və yanındakılar ac və möhtac olanda nə etdiklərini heç oxumamısınızmı? |
26. | O, baş kahin Evyatarın dövründə Allahın evinə girdi; kahinlərdən başqa heç kəsə yeməyə icazə verilməyən təqdis çörəklərini yedi, yanındakılara da verdi». |
27. | Sonra İsa onlara dedi: «İnsan Şənbə günü üçün deyil, Şənbə günü insan üçün yaradılıb. |
28. | Bax Bəşər Oğlu Şənbə gününün də Sahibidir». |
← Mark (2/16) → |