← Mark (11/16) → |
1. | Onlar Yerusəlimə yaxınlaşarkən Zeytun dağının yamacındakı Bet-Faqe ilə Bet-Anyaya gəldikləri zaman İsa şagirdlərindən ikisini göndərərək |
2. | onlara dedi: «Qarşınızdakı kəndə gedin. Oraya girən kimi hələ heç kəsin minmədiyi, bağlanmış bir sıpa tapacaqsınız. Onu açıb buraya gətirin. |
3. | Kim sizdən soruşsa: “Bunu nə üçün edirsiniz?”, ona “bu sıpa Rəbbə lazımdır, tezliklə yerinə qaytaracaq” deyin». |
4. | Onlar getdilər. Küçədə bir evin qapısının kənarına bağlanmış sıpa tapıb onu açdılar. |
5. | Orada duran bəzi adamlar onlardan soruşdu: «Nə edirsiniz? Bu sıpanı nə üçün açırsınız?» |
6. | Şagirdlər İsanın dediklərini onlara təkrarlayanda o adamlar şagirdlərə imkan verdilər. |
7. | Onlar sıpanı İsanın yanına gətirdilər və öz paltarlarını sıpanın üstünə sərdilər. İsa sıpanın belinə mindi. |
8. | Bir çoxu paltarlarını, bəzisi də ətrafdakı ağaclardan kəsdikləri budaqları yola döşədi. |
9. | İsanın önündə gedənlər və ardınca gələnlər belə nida edirdilər: «Hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! |
10. | Atamız Davudun gələn Padşahlığı xeyir-dualı olsun! Ən ucalarda hosanna!» |
11. | İsa Yerusəlimə daxil olub məbədə girdi. O hər şeyə nəzər saldı. Sonra On İki şagirdlə bərabər Bet-Anyaya getdi, çünki artıq gec idi. |
12. | Ertəsi gün onlar Bet-Anyadan çıxdılar. O zaman İsa acmışdı. |
13. | Uzaqda yarpaqlı bir əncir ağacı gördü və ağaca yaxınlaşdı ki, bəlkə onda meyvə tapar. Amma onun yanına gələndə ağacda yarpaqdan başqa bir şey tapmadı, çünki əncirin bar mövsümü deyildi. |
14. | Onda İsa ağaca dedi: «Qoy səndən bir daha heç kəs meyvə yeməsin!» Bunu şagirdləri də eşitdi. |
15. | Onlar Yerusəlimə gəldilər. İsa məbədə girib orada alver edənləri qovmağa başladı. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi, |
16. | heç kimi yük daşıyaraq məbəd həyətlərindən keçməyə qoymadı. |
17. | Onlara təlim öyrədərək dedi: «Məgər yazılmayıb ki, “Mənim evim bütün xalqlar üçün Dua evi adlandırılacaq”? Amma siz onu “quldur yuvasına” çevirmisiniz!» |
18. | Bunu eşidən başçı kahinlər və ilahiyyatçılar İsanı öldürmək üçün yol axtarırdılar. Çünki bütün xalq Onun təliminə təəccübləndiyi üçün Ondan qorxurdular. |
19. | Axşam olanda İsa və şagirdləri şəhərdən kənara çıxdı. |
20. | Səhər erkən onlar əncir ağacının yanından keçəndə gördülər ki, ağac kökündən quruyub. |
21. | Hadisəni xatırlayan Peter İsaya dedi: «Rabbi, bax lənətlədiyin əncir ağacı quruyub». |
22. | İsa cavab verib onlara dedi: «Allaha imanınız olsun. |
23. | Sizə doğrusunu deyirəm: kim bu dağa “Qalx, dənizə atıl!” deyərsə və ürəyində şübhə etmədən dediyinin olacağına inanarsa, onun üçün ediləcək. |
24. | Buna görə sizə deyirəm: dua edib hər nə diləsəniz, inanın ki, artıq almısınız və istədiyiniz sizin üçün ediləcək. |
25. | Durub dua edəndə kimdən narazılığınız varsa, bağışlayın ki, göylərdə olan Atanız da təqsirlərinizi bağışlasın». |
27. | Onlar yenə Yerusəlimə gəldilər. İsa məbəddə gəzən zaman başçı kahinlər, ilahiyyatçılar və ağsaqqallar Ona yaxınlaşıb |
28. | dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Bu işləri görmək üçün Sənə bu səlahiyyəti kim verib?» |
29. | İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; ona cavab versəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. |
30. | Yəhyanın vəftizi göydən idimi, yoxsa insanlardan? Mənə cavab verin». |
31. | Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. |
32. | Amma desək “insanlardan”?» O zaman xalqdan qorxurdular, çünki hamı Yəhyanı həqiqi peyğəmbər sayırdı. |
33. | Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm». |
← Mark (11/16) → |