| ← Lamentations (3/5) → |
| 1. | Rəbbin qəzəb dəyənəyindən Mən əzab çəkirəm, |
| 2. | O məni apardı, İşıqda deyil, qaranlıqda gəzdirdi. |
| 3. | Bütün gün – dəfələrlə qaldırdığı əli Mənə qarşıdır. |
| 4. | Ətimi, dərimi çürütdü, Sümüklərimi sındırdı. |
| 5. | Məni əzabla, cəfa ilə sarıdı, Mühasirəyə saldı. |
| 6. | Çoxdan ölüb-gedənlər kimi Məni zülmətdə yaşatdı. |
| 7. | Ətrafımı hər tərəfdən hasara aldı, Məni zəncirləyib, qaça bilmirəm. |
| 8. | Fəryad edib mən imdad istəyərkən O, duamın qarşısına sədd çəkdi. |
| 9. | Yonma daşlarla yollarımı kəsdi, Onları dolaşdırdı. |
| 10. | Mənə ayı kimi pusqu düzəldir, Gizlənib aslan kimi məni güdür. |
| 11. | Yoldan sürükləyib məni parçaladı, Çarəsiz hala saldı. |
| 12. | Kamanının yayını çəkdi, Məni Özü üçün bir hədəf etdi. |
| 13. | Çəkib oxdanından ox atdı, Böyrəyimə sapladı. |
| 14. | Gün boyu xalqımın gülüş hədəfinə döndüm, Məzhəkəli nəğmə ilə məni ələ salırlar. |
| 15. | O, acı otlardan mənə doyunca yedirtdi, Yovşan suyunu içirtdi. |
| 16. | Dişlərimi çınqılla qırdı, Kül içində məni diz çökdürtdü. |
| 17. | Salamatlıqdan canımı uzaq etdi, Yaxşılığı unutdum. |
| 18. | Dedim: «Üzərimdən əzəmətim getdi, Rəbdən ümidim kəsildi». |
| 19. | Əzabımı və sərgərdanlığımı, Acı yovşanı və zəhəri yada sal. |
| 20. | Daim onları xatırlayıram, Ona görə köksümdən ürəyim üzülür. |
| 21. | Amma bunları yada salarkən Məndə ümid yaranır. |
| 22. | Rəbbin məhəbbətinə görə məhv olmadıq, Çünki mərhəməti tükənməzdir. |
| 23. | Hər səhər bunlar təzələnir, Sənin sədaqətin böyükdür. |
| 24. | Öz-özümə deyirəm: «Rəbb mənim nəsibimdir», Ona görə Rəbbə ümid bəsləyirəm. |
| 25. | Rəbb Ona güvənənlərə, Onu axtaran könüllərə xeyirxahdır. |
| 26. | Rəbbə ümid bəsləmək, Sakitcə bizə qurtuluş verməsini gözləmək nə yaxşıdır. |
| 27. | Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın. |
| 28. | Qoy susub tənha otursun, Axı Rəbb boynuna boyunduruq salıb. |
| 29. | Üzünü yerə sürtsün, Bəlkə hələ ümid var. |
| 30. | İzin versin, qoy sifətinə vursunlar, Qoy ona doyunca böhtan atsınlar. |
| 31. | Çünki Xudavənd əbədilik Bizi Özündən kənar etməz. |
| 32. | Qəm-qüssə versə belə, Bol məhəbbətinə görə rəhmə gələr. |
| 33. | Çünki ürəkdən istəyərək bəşər övladlarına əzab verməz, Heç kimi kədərləndirməz. |
| 34. | Dünyadakı bütün əsirlərin ayaq altında əzilməsini, |
| 35. | Haqq-Taalanın hüzurunda insanın Öz haqlarından məhrum olmasını, |
| 36. | İnsanın ədalətdən məhrum olmasını Xudavənd heç görmürmü? |
| 37. | Xudavənd əmr verməsə, Kimin dediyi həyata keçər? |
| 38. | Həm xeyir, həm də şər, Haqq-Taalanın əmri ilə gələr. |
| 39. | Öz günahının cəzasından Sağ qalan insan niyə şikayətlənir? |
| 40. | Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq. |
| 41. | Göylərdəki Allaha əllərimizi, Həm də ürəklərimizi açaq. |
| 42. | Deyək: «Biz qanunsuzluq və üsyankarlıq etdik, Bunu bizə bağışlamadın». |
| 43. | Qəzəbə bürünmüsən, bizi təqib etmisən, Aman vermədən öldürmüsən. |
| 44. | Özünə buludlardan örtük çəkdin, Onların arasından dua keçmir. |
| 45. | Xalqlar arasında Bizi zibilə, tullantıya çevirmisən. |
| 46. | Bütün düşmənlərimizin bizə qarşı Ağızları açıldı. |
| 47. | Dəhşət və çuxur, Məhv və qırğın birlikdə başımıza gəldi. |
| 48. | Qırılan əziz xalqıma görə Gözlərimdən sel kimi yaş axdı. |
| 49. | Dinmədən, dayanmadan Gözlərimdən yaş axacaq, |
| 50. | Rəbb göylərdən aşağıya baxana qədər, Olanları görənə qədər. |
| 51. | Şəhərimdəki hər qızın taleyini görərkən Ürəyimi kədər bürüyür. |
| 52. | Nahaq yerə mənə düşmən olanlar Məni quş tək ovladılar. |
| 53. | Quyuya salıb məni öldürmək istədilər, Daşqalaq etdilər. |
| 54. | Sular başımdan aşdı, Dedim: «Ömrüm sona çatdı». |
| 55. | Ya Rəbb, ismini O quyunun dibindən səslədim. |
| 56. | «Qulağını tıxama, fəryadımı dinlə» deyərkən Səsimi eşitdin. |
| 57. | Səni çağıranda yanıma gəldin, Mənə «qorxma» söylədin. |
| 58. | Ey Xudavənd, mənim əməlimə baxdın, Həyatımı satın aldın. |
| 59. | Ya Rəbb, başıma gətirdikləri şəri gördün, Bu iş barədə hökmünü ver. |
| 60. | Mənə bəslədikləri kini, Mənə qarşı qurulan fəndləri gördün. |
| 61. | Ya Rəbb, mənə etdikləri həqarəti eşitdin, Əleyhimə fənd qururlar. |
| 62. | Əleyhdarlarımın pıçıltısını, Gün boyu mənə qarşı mırıltısını eşitdin. |
| 63. | Onların oturuşuna-duruşuna bax, Onlara məzhəkə nəğməsi olmuşam. |
| 64. | Ya Rəbb, onların əllərinin əməllərinə görə Əvəzini verəcəksən. |
| 65. | Onların qəlbini inadkar et, Qoy lənətin onların üstünə gəlsin. |
| 66. | Ya Rəbb, qəzəbinlə onları qov, Səma altından məhv edib at! |
| ← Lamentations (3/5) → |