Lamentations (1/5) → |
1. | Yerusəlim şəhəri necə də boş qalıb, Bir zaman insanlarla dolu idi, İndi dul qadına bənzəyir – Millətlər arasında ulu sayılan, Ellər arasında mələkə olan, Bu şəhər nökərçilik edir. |
2. | Gecələr acı-acı ağlar, Göz yaşları ilə yanağı islanar, Məşuqlarının arasından Ona təsəlli verən yoxdur. Bütün dostları ona xəyanət etdi, düşmən oldu. |
3. | Yəhuda dərdə, ağır zillətə düşüb, İndi sürgünə gedir. O, millətlər arasında yaşayır, O torpaqlarda rahatlıq tapmır, Yəhuda bu iztiraba düşəndə, Təqibçilər ona çatdılar. |
4. | Siona gedən yollar yas tutur, Çünki bayramlarına gələn yoxdur, Buranın bütün darvazaları kimsəsiz qalıb, Kahinləri ah-zar edir. Bu şəhərin qızları əzab-əziyyət çəkir, Buranın aqibəti acıdır, |
5. | İndi düşmənlər bu şəhərin üstündə hökmrandır, Bu yağılar gör necə firavan yaşayır. Çox üsyankar olduqlarına görə Rəbb onları bu zülmə saldı, Övladları düşmən önündə əsir aparıldı. |
6. | Sion qızının cah-calalı yox oldu, Onların başçıları otlaqsız maral kimi oldu, Onlar təqib edənlərin qarşısından Taqətsiz qaçırlar. |
7. | Yerusəlim sıxıntı içində avara gəzərkən Ötən günlərdə olan bütün sərvətini xatırlayır, Xalqı düşmənlərinə təslim olanda köməyinə çatan yoxdur. Düşmənləri ona baxır, Yıxılmağına gülür. |
8. | Yerusəlim böyük günah işlətdi, Ona görə özünü murdar etdi. Yerusəlimə hörmət edənlərin hər biri İndi ona xor baxır, Çünki onu çılpaq görürlər, O da üzünü yana çevirib inləyir. |
9. | Ətəyində ləkələr qaldı, Sonunu düşünməz oldu, Ona görə qorxunc surətdə yıxıldı, Ona təsəlli verən yoxdur, Ya Rəbb, gör bu əzabımı, Çünki düşmən zəfər çaldı. |
10. | Onun bütün sərvətini talamaq üçün Düşmən əlini uzatdı. Göz önündəcə millətlər, Camaatın arasına girməsini qadağan etdiyin Müqəddəs məkanına soxuldu. |
11. | Oranın bütün xalqı zarıyır, çörək axtarır, Canlarını taqətə gətirmək üçün Sərvətlərinin əvəzinə azuqə alır. «Ya Rəbb, indi bax, halımı gör, Bir səfilə dönmüşəm». |
12. | Ey yoldan keçənlərin hamısı, Bu iş sizin üçün boşdurmu? Baxın dərdimə, bunun kimisi varmı, Mənim başıma gətirilən dərd başqasında olarmı? Rəbb qəzəbdən alovlananda Bu dərdi başıma tökdü. |
13. | Yuxarıdan od göndərdi, Sümüklərimədək bu odu yeritdi. Ayaqlarım üçün tor qurdu, Məni geri qaytardı. Gün boyu məni yalqız qoydu, taqətdən saldı. |
14. | Xudavənd günahlarımı mənə boyunduruq etdi, Əli ilə bir-birinə hördü, Onları boynuma keçirtdi, Taqətimi tükəndirdi. Məni qarşısında dura bilmədiyim İnsanlara təslim etdi. |
15. | Məni müdafiə edən cəngavərlər vardı, Hamısı Xudavənd tərəfindən atıldı. Mənə qarşı bir ordu göndərdi, Seçmə igidlərimi qırıb tapdalatdı. Bakirə Yəhuda qızını üzümsıxanda əzdi. |
16. | Bunlar üçün ağlayıram, Gözlərimdən yaş axır. Təsəlli verən məndən uzaqdır, Məni dirçəldən uzaqdır. Övladlarım yalqız qalıb, Çünki düşmən zəfər çalıb. |
17. | Sion əl açıb, Amma ona təsəlli verən yoxdur. Rəbb Yaqub nəslinə qarşı bu əmrini verib: «Qoy qonşuları onun düşməni olsun, Çünki Yerusəlim onlar üçün murdar əskiyə çevrilib». |
18. | Rəbb adildir, mən isə əmrinə qarşı çıxdım, Ey bütün xalqlar, siz mənə qulaq asın! Mənim çəkdiyim bu dərdə baxın, Bakirə qızlarım, igidlərim sürgünə gedib. |
19. | Müttəfiqlərimi çağırdım, Lakin məni aldatdılar, Kahinlərim, ağsaqqallarım cana gəlmək üçün Yemək axtardılar, Amma şəhərin içindəcə canlarını tapşırdılar. |
20. | Ya Rəbb, bax dara düşmüşəm, Canım əzabdan yanır. Çox üsyankarlıq etmişəm, Buna görə ürəyim üzülür. Bayırdakı qılınc məni övladsız qoyur, Ölüm evimi içəridən bəzəyir. |
21. | Necə ah-zar çəkdiyimi eşidiblər, Amma mənə təsəlli verən yoxdur, Düşmənlərim bu əziyyətimdən xəbər tutdu, Onlar başıma gələnlərə sevinir, Elan etdiyin günü yetir! Qoy onlar mənim vəziyyətimə düşsün. |
22. | Etdikləri pislikləri yada sal, Üsyankarlığıma görə mənə etdiyini onlara da et, Çox ah-nalə çəkirəm, Ürəyim taqətdən düşüb. |
Lamentations (1/5) → |