← Joshua (3/24) → |
1. | Yeşua səhər erkən qalxdı. Onunla birgə bütün İsrail övladları Şittimdən irəliləyərək İordan çayına qədər gəldilər. Onlar çayı keçməzdən əvvəl orada qaldılar. |
2. | Üçüncü günün sonunda məmurlar ordugahı gəzdilər. |
3. | Xalqa əmr edib dedilər: «Allahınız Rəbbin Əhd sandığını Levililərdən olan kahinlərin daşıdığını görəndə siz də yerinizdən irəliləyərək onun ardınca gedin. |
4. | Ancaq sizinlə onun arasında iki min qulaca qədər məsafə olmalıdır. Ona yaxınlaşmayın ki, hansı yolla gedəcəyinizi biləsiniz, çünki siz əvvəllər heç vaxt bu yoldan keçməmisiniz». |
5. | Yeşua xalqa dedi: «Özünüzü təqdis edin, çünki sabah Rəbb aranızda möcüzələr göstərəcək». |
6. | Kahinlərə isə Yeşua belə dedi: «Əhd sandığını götürün və xalqın önündə gedin». Onlar da Əhd sandığını götürüb xalqın önündə getdilər. |
7. | Rəbb Yeşuaya dedi: «Bu gün Mən səni bütün İsraillilərin gözündə ucaltmağa başlayacağam ki, onlar Musa ilə olduğum kimi səninlə də olduğumu bilsinlər. |
8. | Sən isə Əhd sandığını daşıyan kahinlərə əmr edib deyəcəksən: “Siz İordan çayının kənarına çatanda İordan çayına girib dayanın”». |
9. | Yeşua İsrail övladlarına dedi: «Buraya yaxınlaşın və Allahınız Rəbbin sözlərini eşidin». |
10. | Yeşua dedi: «Var olan Allahın aranızda olmasını buradan biləcəksiniz ki, O sizin önünüzdən hökmən Kənanlıları, Xetliləri, Xivliləri, Perizliləri, Qirqaşlıları, Emorluları və Yevusluları qovacaq. |
11. | Budur, bütün yer üzünün Sahibinin Əhd sandığı sizin önünüzdən keçib İordan çayına girəcək. |
12. | İndi isə özünüzə hər qəbilədən bir adam olmaqla İsrail qəbilələrindən on iki adam götürün. |
13. | Bütün yer üzünün Sahibi Rəbbin sandığını daşıyan kahinlərin ayaqları İordan çayının sularına dəyən kimi çayın suları kəsiləcək, yuxarıdan axan sular yığın halında dayanacaq». |
14. | Xalq çadırlarından çıxıb İordan çayını keçmək üçün irəliləyirdi və Əhd sandığını daşıyan kahinlər xalqın önündə gedirdilər. |
15. | Biçin ərzində İordan çayının suları daşıb sahilləri basırdı. Sandığı daşıyan kahinlər İordana girəndə və onların ayaqları çayın sularına dəyəndə |
16. | yuxarıdan axan sular çox uzaqda Sartan yanında olan Adam şəhərində yığın halında dayanıb qalxdı. Arava dənizinə, yəni Duz dənizinə axan sular tamamilə kəsildi. Xalq çayı Yerixonun qarşısından keçdi. |
17. | Rəbbin Əhd sandığını daşıyan kahinlər isə İordan çayının ortasında quru yerdə möhkəm durmuşdular. Bütün İsraillilər İordan çayını tamamilə keçənə qədər quru yerdə gedirdilər. |
← Joshua (3/24) → |