← Joshua (2/24) → |
1. | Nun oğlu Yeşua Şittimdən iki kişini casusluq etməyə gizli göndərib dedi: «Gedin oranın torpağını və Yerixonu gözdən keçirin». Onlar getdilər və Raxav adlı bir fahişənin evinə girib orada qaldılar. |
2. | Yerixo padşahına «budur, bu gecə torpağımızı gözdən keçirmək üçün İsrail övladlarından buraya adamlar gəldi» deyə bildirildi. |
3. | Yerixo padşahı Raxava xəbər göndərib dedi: «Sənin yanına gəlib evinə girən adamları çıxart, çünki onlar torpağımızın hər tərəfini gözdən keçirməyə gəliblər». |
4. | Raxav isə o iki kişini gizlətmişdi. O dedi: «Doğrusu, yanıma adamlar gəlmişdi, amma haradan olduqlarını bilmirdim. |
5. | Qaranlıq düşəndə, darvaza bağlananda o adamlar çıxdılar. Bilmirəm hara getdilər. Tez dallarınca qaçın ki, onları tuta biləsiniz». |
6. | Lakin qadın onları dama çıxarıb damda sərdiyi kətan liflərin arasında gizlətmişdi. |
7. | Padşahın göndərdiyi adamlar casusları təqib etmək üçün İordan çayının keçidinə qədər yol boyu qaçdılar. Təqibçilər bayıra çıxan kimi darvazalar bağlandı. |
8. | Casuslar yatmazdan əvvəl qadın dama – onların yanına çıxdı. |
9. | O bu adamlara dedi: «Mən bilirəm ki, Rəbb bu torpağı sizə verib. Siz bizi dəhşətə saldınız və bu torpağın bütün sakinləri sizin qarşınızda əsir. |
10. | Çünki Misirdən çıxdığınız zaman Rəbb Qırmızı dənizin sularını qarşınızda necə qurutduğunu və İordan çayının o tayında məhv etdiyiniz iki Emor padşahı Sixonla Oqa nə etdiyinizi eşitmişik. |
11. | Biz bunları eşidəndə ürəyimiz qorxuya düşdü və vahimənizdən heç kimin taqəti qalmadı; çünki Allahınız Rəbb yuxarıda göyün və aşağıda yerin Allahıdır. |
12. | İndi rica edirəm, Rəbbə and için ki, sizə xeyirxahlıq etdiyim üçün siz də mənə və atamın külfətinə xeyirxahlıq edəcəksiniz. Mənə etibarlı bir nişanə verin ki, |
13. | atamı, anamı, qardaşlarımı, bacılarımı, onların yanında olan hər kəsi sağ qoyacaqsınız və canımızı ölümdən qurtaracaqsınız». |
14. | Adamlar isə ona dedilər: «Əgər bu işimizin üstünü açmasanız, canımızı belə, sizə fəda edərik. Rəbb bu torpağı bizə verən vaxt sənə xeyirxahlıq və sədaqət göstərərik». |
15. | O vaxt qadın onları kəndirlə pəncərədən aşağı endirdi, çünki onun evi şəhərin qala divarında idi və o, divarın içində yaşayırdı. |
16. | Qadın onlara dedi: «Dağa gedin ki, təqibçilər sizə çatmasınlar, onlar qayıdana qədər üç gün orada gizlənin, sonra yolunuza davam edərsiniz». |
17. | Bu adamlar da ona dedilər: «Sənin bizə içdirdiyin bu anddan bu yolla günahsız olacağıq. |
18. | Bu torpağa gəldiyimiz vaxt bizi düşürdüyün pəncərəyə bu al rəngli ipi bağlayarsan. Atanı, ananı, qardaşlarını və atanın bütün qohumlarını yanına – öz evinə toplayarsan. |
19. | Əgər sənin evinin qapısından kim bayıra çıxarsa, qanı öz başına dönəcək və biz buna günahkar olmayacağıq. Əgər səninlə birgə evində olan bir kimsəyə toxunularsa, qoy onun qanı bizim başımıza dönsün. |
20. | Ancaq bu işimizin üstünü açmaq istəsən, onda sənin bizə içdirdiyin anddan təqsirimiz olmaz». |
21. | Raxav dedi: «Necə deyirsiniz, elə də olsun». Sonra onları yola saldı və onlar getdilər. Raxav al rəngli ipi pəncərəyə bağladı. |
22. | Bu iki adam getdi. Dağa çatıb təqibçilər qayıdana qədər üç gün orada qaldılar. Təqibçilər bütün yol boyu onları axtardılar, ancaq tapmadılar. |
23. | O iki kişi isə geri dönüb dağdan endi, çayı keçərək Nun oğlu Yeşuanın yanına gəldi və başlarına gələn hər şeyi ona nəql etdi. |
24. | Onlar Yeşuaya dedilər: «Həqiqətən, Rəbb bütün o torpağı bizə təslim edib, o torpağın bütün sakinləri də qarşımızda qorxu içində əsir». |
← Joshua (2/24) → |