← Joshua (14/24) → |
1. | İsrail övladları Kənan torpağından irs olaraq aldıqları torpaqlar bunlardır; bu torpaqları kahin Eleazar, Nun oğlu Yeşua və İsrail övladları qəbilələrinin nəsil başçıları, |
2. | Rəbbin Musa vasitəsilə buyurduğu kimi doqquz qəbilə və bir qəbilənin yarısı üçün irs olaraq püşk ilə böldülər. |
3. | Çünki Musa iki qəbilə ilə yarım qəbilənin irs olan torpağını İordanın şərq tərəfində onlara vermişdi, lakin onların arasında Levililərə irs olaraq torpaq verməmişdi. |
4. | Çünki Yusif övladları Menaşşe və Efrayim qəbiləsindən ibarət iki qəbilə oldu. Bundan sonra Levililərə yaşamaqdan ötrü şəhərlərdən, sürüləri və naxırları üçün otlaqlardan başqa heç bir torpaq hissəsi verilmədi. |
5. | İsrail övladları Rəbbin Musaya buyurduğu kimi etdilər və torpağı bölüşdürdülər. |
6. | Belə bir zamanda Yəhuda övladları Qilqala – Yeşuanın yanına gəldilər. Qenizli Yefunne oğlu Kalev Yeşuaya dedi: «Qadeş-Barneada Rəbbin səninlə mənim haqqımda Allah adamı Musaya dediyi sözü sən özün bilirsən. |
7. | Rəbbin qulu Musa ölkəni gözdən keçirtmək üçün Qadeş-Barneadan məni göndərəndə qırx yaşında idim. Mən ona səmimi qəlbdən müjdə gətirdim. |
8. | Lakin mənimlə birlikdə gedən soydaşlarım xalqın ürəyini üzdülər. Amma mən səmimi qəlblə Allahım Rəbbin ardınca getdim. |
9. | O gün Musa and içib dedi: “Sən qədəm basdığın torpaq mütləq sənə və sənin övladlarına əbədi irs olaraq veriləcək, çünki sən Allahım Rəbbin ardınca səmimi qəlblə getdin”. |
10. | İndi artıq İsraillilər səhrada gedərkən Rəbbin Musaya bu sözü dediyi vaxtdan qırx beş il keçir. Rəbb dediyi kimi mənə ömür verdi, bax mən bu gün səksən beş yaşındayam. |
11. | Musanın məni göndərdiyi vaxta olduğum kimi bu gün də qüvvətliyəm. O zaman qüvvətim necə idisə, indi də girib-çıxmaq və döyüşmək üçün elə qüvvətim var. |
12. | Buna görə də Rəbbin o zaman dediyi bu dağlıq yeri sən indi mənə ver. Bu dağlıq yerdə Anaqlıların, böyük və qala divarlı şəhərlərin olduğunu o gün sən də eşitdin. Bəlkə Rəbb mənimlə olar və mən də Rəbbin dediyi kimi onları qovaram». |
13. | Yeşua ona xeyir-dua verdi. Xevronu Yefunne oğlu Kalevə irs olaraq verdi. |
14. | Bunun üçün Xevron bu günə qədər Qenizli Yefunne oğlu Kalevin irs torpağıdır. Çünki o, səmimi qəlblə İsrailin Allahı Rəbbin ardınca getmişdi. |
15. | Xevronun adı əvvəlcə Qiryat-Arba idi. Anaqlılar arasında Arba ən böyük adam olmuşdu. Ölkə müharibədən dincliyə çıxdı. |
← Joshua (14/24) → |