← Jonah (4/4) |
1. | Bu iş Yunusun heç xoşuna gəlmədi və o hirsləndi. |
2. | O, Rəbbə dua edərək dedi: «Ya Rəbb! Mən hələ ölkəmdə ikən bunu demirdimmi? Buna görə də mən Tarşişə qaçdım, çünki bilirdim, Sən lütfkar, rəhmli, hədsiz səbirli, bol məhəbbətli Allahsan və rəhm edib bəla göndərməzsən. |
3. | İndi isə, ya Rəbb, yalvarıram, mənim canımı al, çünki mənim üçün yaşamaqdansa, ölmək yaxşıdır». |
4. | Rəbb dedi: «Hirslənməyin yaxşı işdirmi?» |
5. | Yunus şəhərdən çıxdı və şəhərin şərq tərəfində oturdu. Orada özünə çardaq düzəldib kölgəsində oturdu ki, şəhərdə nə baş verəcəyini görsün. |
6. | Rəbb Allah Yunusun başı üstünə qalxıb kölgə salmaq və onu pis halından qurtarmaq üçün bir gənəgərçək bitkisi yetirdi. Yunus bu bitkiyə görə çox sevindi. |
7. | Lakin ertəsi gün sübh tezdən Allah bir bitki qurdu yetirdi. Qurd bitkini içindən yedi və bitki qurudu. |
8. | Günəş çıxanda Allah isti səmum küləyi yetirdi. Günəş onun başını yandırdı və o taqətdən düşüb özü üçün ölüm diləyərək dedi: «Mənim üçün yaşamaqdansa ölmək yaxşıdır». |
9. | Allah Yunusa dedi: «Məgər sənin bu bitkiyə görə hirslənməyin yaxşı işdirmi?» O dedi: «Əlbəttə, yaxşıdır, elə hirsləndim ki, az qala öləm». |
10. | Onda Rəbb dedi: «Sən zəhmətini çəkmədiyin və yetişdirmədiyin, bir gecədə bitən və bir gecədə məhv olan bitkiyə acıyırsan. |
11. | Bəs sağ əlini sol əlindən ayıra bilməyən yüz iyirmi mindən çox insanın və çoxlu heyvanın yaşadığı böyük şəhər Ninevaya Mən necə acımayım?» |
← Jonah (4/4) |