← Jonah (3/4) → |
1. | Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: |
2. | «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». |
3. | Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. |
4. | Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» |
5. | Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. |
6. | Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. |
7. | Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. |
8. | İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün. |
9. | Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq». |
10. | Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi. |
← Jonah (3/4) → |