← Jonah (2/4) → |
1. | Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi: |
2. | «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. |
3. | Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi. |
4. | Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm. |
5. | Nəfəsim kəsilənə qədər məni sular bürüdü, Məni dərinliklər aldı, Başıma yosunlar sarıldı. |
6. | Dağların dibinə qədər endim, Arxamca əbədilik dünya bağlandı. Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın. |
7. | Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum, Mənim duam Sənə, Sənin müqəddəs məbədinə çatdı. |
8. | Puç olan bütlərə səcdə edənlər Onlara verilən lütfdən imtina edərlər. |
9. | Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm, Əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbdədir!» |
10. | Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı. |
← Jonah (2/4) → |