← John (9/21) → |
1. | İsa yolla gedərkən anadangəlmə kor bir adam gördü. |
2. | Şagirdləri Ondan soruşdu: «Rabbi, kim günah etdi ki, bu adam kor doğuldu: özü, yoxsa ata-anası?» |
3. | İsa cavab verdi: «Nə özü günah etdi, nə də ata-anası. Amma Allahın işləri onun həyatında görünsün deyə belə oldu. |
4. | Nə qədər ki gündüzdür, Məni Göndərənin işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim işləyə bilməz. |
5. | Dünyada olduğum müddətdə dünyanın nuru Mənəm». |
6. | Bu sözləri deyəndən sonra yerə tüpürdü, tüpürcəklə palçıq düzəltdi və palçığı kor adamın gözlərinə sürtdü. |
7. | Sonra ona dedi: «Get, Şiloah hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O da gedib yuyundu və gözləri açılmış halda qayıtdı. |
8. | Qonşuları və əvvəllər onu bir dilənçi kimi tanıyanlar deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?» |
9. | Bəzisi «odur» dedi, bəzisi «xeyr, amma ona oxşayır» dedi. Özü isə «mənəm» dedi. |
10. | Ondan «Elə isə gözlərin necə açıldı?» deyə soruşdular. |
11. | O cavab verdi: «İsa deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə “Şiloah hovuzuna get, yuyun” dedi, mən də gedib yuyundum və gözlərim açıldı». |
12. | Ondan «Bəs İsa haradadır?» deyə soruşdular. O isə «bilmirəm» dedi. |
13. | Əvvəllər kor olan adamı fariseylərin yanına apardılar. |
14. | İsanın palçıq düzəldib onun gözlərini açdığı gün Şənbə günü idi. |
15. | Fariseylər o adamdan gözlərinin necə açıldığını soruşdular. O adam da onlara dedi: «O mənim gözlərimə palçıq qoydu, mən də yuyundum və indi görürəm». |
16. | Onda fariseylərdən bəzisi dedi: «Bu Adam Allahdan gəlməyib, çünki Şənbə gününə riayət etmir». Başqaları isə dedi: «Günahkar adam belə əlamətləri necə göstərə bilər?» Onların arasında fikir ayrılığı düşdü. |
17. | Onda yenə kor adamdan soruşdular: «Bəs sən bu Adam barədə nə deyirsən? Axı O sənin gözlərini açdı». Kor adam «O, peyğəmbərdir» dedi. |
18. | Yəhudi başçıları gözləri açılmış adamın ata-anasını çağırmayınca onun kor olub gözləri açıldığına inanmadılar. |
19. | Ata-anasından soruşdular: «Kor doğulduğunu söylədiyiniz oğlunuz budurmu? Elə isə necə olur ki, indi görür?» |
20. | Ata-anası dedi: «Bilirik ki, bu bizim oğlumuzdur və kor doğulub. |
21. | Ancaq bilmirik ki, indi necə görür ya gözlərini kim açıb. Özündən soruşun. Həddi-büluğa çatıb, qoy özü barədə özü danışsın». |
22. | Ata-anası Yəhudi başçılarından qorxduqları üçün bu sözləri söylədilər, çünki Yəhudi başçıları artıq qərara almışdılar ki, İsanın Məsih olduğunu iqrar edən hər kəs sinaqoqdan qovulsun. |
23. | Buna görə də o adamın ata-anası «həddi-büluğa çatıb, özündən soruşun» dedi. |
24. | Yəhudi başçıları əvvəllər kor olan adamı ikinci dəfə çağırıb ona dedilər: «Allahın izzəti naminə doğru söylə. Biz bu Adamın günahkar olduğunu bilirik». |
25. | O da cavab verdi: «O Adamın günahkar olub-olmadığını bilmirəm. Bir şeyi bilirəm ki, əvvəl kor idim, amma indi görürəm». |
26. | Ondan soruşdular: «O sənə nə etdi? Gözlərini necə açdı?» |
27. | Onlara cavab verdi: «İndicə sizə söylədim, amma qulaq asmadınız. Niyə bunu yenə eşitmək istəyirsiniz? Bəlkə siz də Onun şagirdi olmaq istəyirsiniz?» |
28. | Onu söyüb dedilər: «Onun şagirdi sənsən, bizsə Musanın şagirdləriyik. |
29. | Biz Allahın Musa ilə danışdığını bilirik, bu Adamınsa haradan gəldiyini bilmirik». |
30. | O adam onlara dedi: «Qəribədir ki, siz Onun haradan gəldiyini bilmirsiniz, amma O mənim gözlərimi açdı. |
31. | Allahın günahkarlara qulaq asmadığını bilirik, lakin mömin olub Allahın iradəsinə əməl edən adama Allah qulaq asır. |
32. | Əzəldən bəri eşidilməyib ki, kimsə anadangəlmə kor bir adamın gözlərini açsın. |
33. | Əgər bu Adam Allahdan gəlməsəydi, heç nə edə bilməzdi». |
34. | Onlar o adama cavab verdilər: «Başdan-ayağa günah içində doğuldun. İndi sənmi bizə dərs verirsən?» Onda onu bayıra atdılar. |
35. | O adamı bayıra atdıqlarını İsa eşitdi və onu tapıb dedi: «Sən Bəşər Oğluna iman edirsənmi?» |
36. | O soruşdu: «Ağa, O kimdir ki, Ona iman edim?» |
37. | İsa ona dedi: «İndi gördüyün və səninlə danışan Adam Odur». |
38. | O da «ya Rəbb, iman edirəm» dedi və İsaya səcdə etdi. |
39. | İsa dedi: «Mühakimə etmək üçün bu dünyaya gəldim ki, qoy görməyənlər görsün, görənlərsə kor olsun». |
40. | Onun yanında olan bəzi fariseylər bu sözləri eşidib «Yoxsa biz də koruq?» deyə Ondan soruşdular. |
41. | İsa onlara dedi: «Əgər kor olsaydınız, günahınız olmazdı. Amma indi “görürük” dediyiniz üçün günahınız üstünüzdə qalır. |
← John (9/21) → |