← John (7/21) → |
1. | Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. |
2. | Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. |
3. | Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün. |
4. | Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır». |
5. | Çünki qardaşları da Ona iman etmirdi. |
6. | Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. |
7. | Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm. |
8. | Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm». |
9. | İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı. |
10. | Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. |
11. | Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər. |
12. | Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi. |
13. | Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı. |
14. | Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. |
15. | Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?» |
16. | İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. |
17. | Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. |
18. | Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. |
19. | Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» |
20. | Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» |
21. | İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. |
22. | Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. |
23. | Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? |
24. | Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin». |
25. | Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? |
26. | Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? |
27. | Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». |
28. | İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, |
29. | Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». |
30. | Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. |
31. | Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?» |
32. | Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. |
33. | İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. |
34. | Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». |
35. | Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? |
36. | “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?» |
37. | Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. |
38. | Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». |
39. | Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi. |
40. | Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. |
41. | Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? |
42. | Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» |
43. | Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. |
44. | Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı. |
45. | Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu. |
46. | Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb». |
47. | Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb? |
48. | Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? |
49. | Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!» |
50. | Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi: |
51. | «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?» |
52. | Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz». |
53. | Bundan sonra hər kəs öz evinə getdi. |
← John (7/21) → |