← John (21/21) |
1. | Bu hadisələrdən sonra İsa Tiberiya gölünün kənarında yenə şagirdlərə göründü. Bu belə oldu: |
2. | Şimon Peter, «Əkiz» adlanan Tomas, Qalileyanın Qana kəndindən olan Natanael, Zavdayın oğulları və Onun başqa iki şagirdi birlikdə idi. |
3. | Şimon Peter onlara «balıq ovuna gedirəm» dedi. O birilər də ona «biz də səninlə gedirik» dedilər. Onlar gedib qayığa mindilər, amma o gecə bir şey tuta bilmədilər. |
4. | Günəş doğarkən İsa sahildə dayanmışdı, amma şagirdlər Onun İsa olduğunu bilmədilər. |
5. | İsa onlara dedi: «Uşaqlar, yeməyə bir şey tutmusunuzmu?» Ona «xeyr» deyə cavab verdilər. |
6. | İsa yenə dedi: «Toru qayığın sağ tərəfinə atın, orada tapacaqsınız». Eləcə də atdılar və o qədər balıq tutdular ki, toru çəkə bilmirdilər. |
7. | Onda İsanın sevimli şagirdi Peterə «Bu, Rəbdir» söylədi. Şimon Peter Onun Rəbb olduğunu eşidən kimi əynindən çıxartdığı üst paltarına bürünüb gölə atıldı. |
8. | O biri şagirdlər isə balıq torunu çəkə-çəkə qayıqda gəldilər, çünki sahildən uzaq deyildilər, cəmi iki yüz qulac məsafədə idilər. |
9. | Onlar quruya çıxanda orada közərmiş ocağı, onun üzərinə qoyulmuş balığı və yanında olan çörəyi gördülər. |
10. | İsa onlara dedi: «İndi tutduğunuz balıqlardan gətirin». |
11. | Şimon Peter qayığa minib yüz əlli üç böyük balıqla dolu toru quruya çəkdi. Balıq lap çox olsa da, tor yırtılmadı. |
12. | İsa onlara dedi: «Gəlin, səhər yeməyi yeyin». Şagirdlərdən heç biri Ondan «Sən kimsən?» deyə soruşmağa cəsarət etmirdi, çünki Onun Rəbb olduğunu bilirdilər. |
13. | İsa gəlib çörəyi götürdü və onlara verdi, eləcə balığı da verdi. |
14. | İsa ölülər arasından dirildikdən sonra artıq üçüncü dəfə idi ki, şagirdlərə görünürdü. |
15. | Səhər yeməyindən sonra İsa Şimon Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni bunlardan çox sevirsənmi?» Peter ona dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə». |
16. | İkinci dəfə yenə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı otar». |
17. | Üçüncü dəfə Peterə dedi: «Ey Yəhya oğlu Şimon, Məni sevirsənmi?» Peter üçüncü dəfə İsanın ona «Məni sevirsənmi?» sualını verməyinə kədərləndi və Ona dedi: «Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı bəslə. |
18. | Doğrusunu, doğrusunu sənə deyirəm: cavan olanda qurşağını özün bağlayıb istədiyin yerə gedərdin, amma qocalanda əllərini uzadacaqsan və başqası sənin qurşağını bağlayıb istəmədiyin yerə aparacaq». |
19. | İsa bunu ona görə söylədi ki, Peterin necə öz ölümü vasitəsilə Allahı izzətləndirəcəyinə işarə etsin. Bunu söylədikdən sonra ona «ardımca gəl» dedi. |
20. | Peter də arxaya dönüb İsanın sevimli şagirdinin onların ardınca gəldiyini gördü. Bu həmin şagird idi ki, axşam yeməyi zamanı İsanın sinəsinə əyilib «Ya Rəbb, Sənə xəyanət edəcək adam kimdir?» demişdi. |
21. | Peter bu şagirdi görüb İsaya dedi: «Ya Rəbb, bəs o necə olacaq?» |
22. | İsa ona dedi: «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə? Sən ardımca gəl». |
23. | Beləcə o şagirdin ölməyəcəyi barədə imanlı bacı-qardaşlar arasında söz yayıldı. Amma İsa onun ölməyəcəyini deməmişdi, sadəcə olaraq «Əgər Mən gələnə qədər onun sağ qalmasını istəyirəmsə, bundan sənə nə?» demişdi. |
24. | Bu hadisələrə şəhadət edərək bunları yazan həmin şagirddir. Biz də bilirik ki, onun şəhadəti etibarlıdır. |
25. | İsanın etdiyi çoxlu başqa şeylər də var. Əgər bunlar da bir-bir yazılsaydı, fikrimcə, yazılan kitablar heç dünyaya sığmazdı. |
← John (21/21) |