← John (16/21) → |
1. | Büdrəməyəsiniz deyə bunları sizə söylədim. |
2. | Sizi sinaqoqlardan qovacaqlar. Hətta o zaman gəlir ki, sizi öldürən hər kəs Allaha xidmət etdiyini zənn edəcək. |
3. | Onlar bunları edəcəklər, çünki nə Atanı, nə də Məni tanıdılar. |
4. | İndi bu şeyləri sizə bildirdim ki, vaxtı gələndə sizə söylədiyimi yada salasınız. Əvvəldən bunları sizə söyləmədim, çünki sizinlə birlikdə idim. |
5. | İndi isə Məni Göndərənin yanına gedirəm və heç biriniz Məndən “Hara gedirsən?” deyə soruşmur. |
6. | Amma sizə bu şeyləri söylədiyim üçün ürəyiniz kədərlə doldu. |
7. | Bununla belə, Mən sizə həqiqəti söyləyirəm: Mənim getməyim sizin xeyrinizədir. Çünki getməsəm, Vəsatətçi yanınıza gəlməz, amma getsəm, Onu sizə göndərəcəyəm. |
8. | O gələndə günah, salehlik və mühakimə barədə dünyanı ifşa edəcək: |
9. | günah barədə, çünki Mənə iman etmirlər; |
10. | salehlik barədə, çünki Atanın yanına gedirəm və daha Məni görməyəcəksiniz; |
11. | mühakimə barədə, çünki bu dünyanın hökmdarı mühakimə olunub. |
12. | Hələ sizə söylənəcək çoxlu sözüm var, amma indi bunlar ağlınıza sığmaz. |
13. | Lakin O – həqiqət Ruhu gələndə sizə hər həqiqətə yol göstərəcək. Çünki heç nəyi Özündən söyləməyəcək, nə eşidirsə, onu söyləyəcək və gələcəyi sizə bildirəcək. |
14. | O Məni izzətləndirəcək, çünki Mənim olandan götürüb sizə bildirəcək. |
15. | Atanın hər nəyi varsa, Mənimdir. Buna görə də “Mənim olandan götürüb sizə bildirəcək” söylədim. |
16. | Az bir müddətdən sonra Məni artıq görməyəcəksiniz, az bir müddətdən də sonra Məni yenə görəcəksiniz». |
17. | O vaxt İsanın bəzi şagirdləri bir-birinə dedilər: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” və “çünki Atanın yanına gedirəm” sözlərinin mənası nədir?» |
18. | Öz aralarında soruşurdular: «Söylədiyi “az bir müddət” nə deməkdir? Nə dediyini anlamırıq». |
19. | İsa Ondan soruşmaq istədiklərini bilib onlara dedi: «“Az bir müddətdən sonra Məni görməyəcəksiniz, az bir müddətdən də sonra yenə görəcəksiniz” sözüm barədəmi bir-birinizdən soruşursunuz? |
20. | Doğrusunu, doğrusunu sizə deyirəm: siz ağlayıb nalə çəkəcəksiniz, dünya isə sevinəcək; siz kədərlənəcəksiniz, amma kədəriniz sevincə dönəcək. |
21. | Qadın doğuş zamanı kədərlənər, çünki vaxtı çatıb. Amma uşağı doğandan sonra dünyaya bir insan gətirməyinin sevincinə görə çəkdiyi ağrını yaddan çıxarar. |
22. | Beləcə siz də indi kədərlisiniz. Lakin Mən sizi yenə görəcəyəm, onda ürəyiniz sevinəcək və heç kəs sevincinizi sizdən ala bilməyəcək. |
23. | O gün Məndən heç nə soruşmayacaqsınız. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək. |
24. | İndiyə qədər Mənim adımla heç nə diləmədiniz. Diləyin, alacaqsınız, ta ki sevinciniz kamil olsun. |
25. | Sizə bu şeyləri məsəllərlə söylədim. İndi elə bir zaman gəlir ki, daha məsəllərlə sizinlə danışmayacağam, amma Ata barədə sizə açıq danışacağam. |
26. | O gün siz Mənim adımla diləyəcəksiniz. Mən sizin barənizdə Atadan bir şey xahiş edəcəyimi söyləmirəm. |
27. | Axı Ata Özü sizi sevir, çünki siz Məni sevdiniz və Mənim Allahın yanından gəldiyimə inandınız. |
28. | Atanın yanından dünyaya gəldim, yenə dünyanı tərk edib Atanın yanına gedirəm». |
29. | Şagirdləri dedi: «Budur, indi açıq danışırsan, heç bir məsəl söyləmirsən. |
30. | İndi anlayırıq ki, Sən hər şeyi bilirsən və heç kəsin Səndən soruşmasına ehtiyacın yoxdur. Buna görə də Allahdan gəldiyinə inanırıq». |
31. | İsa onlara dedi: «İndi inanırsınızmı? |
32. | Budur, hər birinizin dağılıb öz evinə gedəcəyiniz və Məni tək qoyacağınız vaxt gəlir və artıq gəlib. Amma Mən tək deyiləm, çünki Ata Mənimlədir. |
33. | Məndə sülhünüz olsun deyə bunları sizə söylədim. Dünyada əziyyətiniz var, amma cəsarətli olun! Mən dünyaya qalib gəldim». |
← John (16/21) → |