← John (12/21) → |
1. | Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi. |
2. | Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi. |
3. | Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü. |
4. | Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi: |
5. | «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?» |
6. | Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı. |
7. | Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın. |
8. | Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam». |
9. | Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi. |
10. | Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar. |
11. | Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi. |
12. | Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə |
13. | xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» deyə qışqırırdı. |
14. | İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb: |
15. | «Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir». |
16. | Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar. |
17. | İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi. |
18. | Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı. |
19. | Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi». |
20. | Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi. |
21. | Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər. |
22. | Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər. |
23. | İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi. |
24. | Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir. |
25. | Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. |
26. | Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək. |
27. | İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim. |
28. | Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi. |
29. | Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi. |
30. | İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi. |
31. | İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq. |
32. | Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm». |
33. | İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi. |
34. | Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» |
35. | Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz. |
36. | Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi. |
37. | Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər. |
38. | Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?» |
39. | Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib: |
40. | «Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim». |
41. | Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. |
42. | Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər. |
43. | Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər. |
44. | İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir. |
45. | Məni görən də Məni Göndərəni görür. |
46. | Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın. |
47. | Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim. |
48. | Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək. |
49. | Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi. |
50. | Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm». |
← John (12/21) → |