← Job (6/42) → |
1. | Əyyub belə cavab verdi: |
2. | «Kaş bu dərdim çəkiləydi, Bütün ağrılarım tərəziyə qoyulaydı. |
3. | Onda dənizlərin qumundan ağır gələrdi, Ona görə tez bu sözləri dedim. |
4. | Həqiqətən, Külli-İxtiyarın oxları köksümdədir, Ruhum onların zəhərlərini içir. Allahın dəhşətləri mənə hücum çəkir. |
5. | Ot olanda vəhşi eşşək anqırarmı? Yem tapanda öküz heç böyürərmi? |
6. | Duzsuz, şit yeməyi yemək olarmı? Yumurta ağının dadı varmı? |
7. | Belə yeməklərə əl vurmaq istəmirəm, Onlardan iyrənirəm. |
8. | Kaş arzuma çataydım, Allah mənə həsrətində olduğumu verəydi, |
9. | Lütf edib məni əzsə belə, Əldən cəld olub həyatımın bağını kəssə belə, |
10. | Mən yenə ovunardım, Bu amansız dərdimə baxmayaraq Müqəddəs Olanın sözlərini inkar etmədiyimə görə sevinərdim. |
11. | Nə gücüm var ki, gözləyim? Sonum nə qədərdir ki, səbir edim? |
12. | Daş qədər güclüyəmmi? Ətim tuncdandırmı? |
13. | Əlacsız qalanda Özümə kömək etməyə gücüm çatarmı? |
14. | İnsan Külli-İxtiyarın qorxusundan vaz keçsə belə, Çarəsiz qalanda ona dostun sədaqəti gərəkdir. |
15. | Qardaşlarım mənə bir vadi kimi xəyanət etdi, Çaylar kimi axıb getdi. |
16. | Bu vadilər buzlar əriyəndə daşar, Qar suları ilə dolar. |
17. | Bu vadilər quraq vaxtı quruyar, İstidə yataqlarından yox olar. |
18. | Bu vadilərə görə karvanlar yolunu azar, Səhraya çıxanda həlak olar. |
19. | Temanın karvanları su axtarar, Səbadan gələn səyyahlar ora ümid bağlar. |
20. | Amma ora çatanda ümid bağladıqlarına peşman olar, Mat-məəttəl qalar. |
21. | İndi siz də mənim üçün bir heç olmusunuz, Bu dəhşətə baxıb qorxursunuz. |
22. | Mən demişəmmi “Mənə nəyisə verin, Var-dövlətinizdən mənə rüşvət göndərin? |
23. | Yaxud da məni düşmən əlindən qurtarın, Zalımların əlindən azad edin?” |
24. | Mən susum, siz mənə öyrədin, Nə səhv etmişəmsə, mənə göstərin. |
25. | Doğru söz kəsərli olar, Sizin bu iradınız bəs nəyi sübut edir? |
26. | Niyə sözlərimi qınamaq istəyirsiniz? Niyə mən biçarənin dediyini boşboğazlıq sanırsınız? |
27. | Yetim üçün belə, püşk atırsınız, Dostunuzu satırsınız. |
28. | İndi lütf edib mənə baxın, Bax mən üzünüzə ağ yalan demərəm. |
29. | Atın haqsızlığı, haqsızlıq etməyin, Düşünün ki, bu davada mən haqlıyam. |
30. | Dilimdən haqsız söz çıxırmı? Pis şeyləri ağzıma alırammı? |
← Job (6/42) → |