← Job (5/42) → |
1. | Çağır görək sənə cavab verən varmı? Müqəddəslərin hansı birinə üz tutacaqsan? |
2. | Səfehi qəzəb öldürər, Nadanı həsəd məhv edər. |
3. | Səfehin kök saldığını görərkən Dərhal yurduna lənət etmişəm. |
4. | Övladları əmin-amanlıqdan uzaqdır, Məhkəmə qapılarında tapdalanır, Onlara havadar yoxdur. |
5. | Məhsullarını aclar yeyir, Tikanlar arasında olanlarını belə, yığırlar, Susayanlar sərvətini udmaq istəyir. |
6. | Axı torpaqdan bəla gəlməz, Əzab yerdən bitməz. |
7. | Sanki havaya atılan qığılcımdır, İnsan əzab çəkmək üçün doğulur. |
8. | Mən olsaydım, Allaha üz tutardım, Müşkül işlərimi Ona tapşırardım. |
9. | Çünki O, dərk etmədiyimiz böyük işləri görür, Saysız xariqələr göstərir. |
10. | Yer üzərinə yağış yağdırır, Çöllərə sular axıdır. |
11. | Alçaldılanları ucaldır, Yaslıları əmin-amanlığa çıxarır. |
12. | Əlləri qurğu qurmağı öyrənməsin deyə Hiyləgərlərin fəndini pozur. |
13. | Müdrikləri hiylə qurarkən yaxalayır, Fəndgirlərin oyununa son qoyur. |
14. | Gündüzləri qaranlığa dönür, Günorta onlara gecə kimi görünür, Onlar kor kimi əl sürtə-sürtə gəzir. |
15. | Yoxsulları isə onların ağızlarındakı qılıncdan qurtarır, Zorakının əlindən alır. |
16. | Kasıblar ümid tapır, Haqsızlıq ağzını yumur. |
17. | Allahın tərbiyə etdiyi insan nə bəxtiyardır! Sən Külli-İxtiyarın tərbiyəsinə xor baxma. |
18. | Çünki O yaralayar, sonra isə sarıyar, Ağrı verər, əlləri ilə sağaldar. |
19. | O, altı dəfə dara düşsən belə, qurtarar, Yeddinci dəfə sənə ziyan dəyməz. |
20. | O səni aclıqda məhv olmaqdan, Döyüşdəki qılıncdan qurtarar. |
21. | Kəskin dillərdən uzaq olarsan, Qırğın gələrkən qorxmazsan. |
22. | Qırğına, aclığa gülərsən, Vəhşi heyvanlardan qorxmazsan. |
23. | Çünki çöldəki daşlarla belə, əhd kəsərsən, Vəhşi heyvanlarla belə, barışarsan. |
24. | Çadırının salamat qalacağını bilərsən, Mülkünə baxanda heç bir əskiklik tapmazsan. |
25. | Övladlarının necə artdığını görərsən, Nəslin ot kimi bitib qalxar. |
26. | Vaxtında yığılan taxıl dərzləri kimi Kama çatıb məzarına gedərsən. |
27. | Bax bunu araşdırmışıq, bu həqiqətdir, Onun üçün bunu dinlə və anla». |
← Job (5/42) → |