← Job (3/42) → |
1. | Bundan sonra Əyyub ağzını açıb öz doğulduğu günə lənət etdi. |
2. | Dilə gəlib belə dedi: |
3. | «Kaş ki mən doğulan gün yox olaydı, “Oğlun oldu!” deyilən gecə yox olaydı. |
4. | O gün qara gələydi, Allah göydən o günün qayğısına qalmayaydı, O gün üçün sabah açılmayaydı. |
5. | O günü zülmət, qatı qaranlıq bürüyəydi, Üzünü bulud tutaydı, Nurunu qaranlıq batıraydı. |
6. | O gecəni zil qaranlıq udub yeyəydi, İlin günləri arasında fərəh tapmayaydı, Ayın günləri sırasına girməyəydi. |
7. | Kaş o gecə qısır olaydı, Sevincsiz, səssiz qalaydı! |
8. | Günlərə lənət oxuyanlar, Livyatanı oyatmağa mahir olanlar Qoy o günə lənət yağdırsın. |
9. | Dan ulduzları sönəydi, İşığa olan ümidləri boşa çıxaydı, Sübhün nuru görünməyəydi. |
10. | Əfsus ki O, anamın bətninin qapılarını bağlamadı, Gözlərimi əzabsız saxlamadı. |
11. | Niyə doğulanda mən ölmədim, Bətndən çıxarkən nəfəsim kəsilmədi? |
12. | Niyə məni dizlərin arasından aldılar, Əmizdirmək üçün ağzıma döş saldılar? |
13. | Belə olmasaydı, indi rahat uzanardım, Yatıb dincələrdim |
14. | Özləri üçün viranə şəhərləri tikən Dünya padşahları və müşavirlərlə, |
15. | Evlərini gümüşə qərq edən Qızıl xəzinəsi olan rəhbərlərlə. |
16. | Niyə bətndən yarımçıq uşaq tək düşmədim? Niyə işıq üzü görməyən körpə kimi basdırılmadım? |
17. | Orada pis adamlar belə, kini atır, Yorğunlar rahatlıq tapır, |
18. | Məhbuslar dinc yaşayır, Nəzarətçinin səsi çıxmır. |
19. | Orada kiçik də, böyük də vardır, Qul ağasından da azaddır. |
20. | Niyə əzab çəkənlər işıq üzü görür, Əziyyət içində olanlar həyata gəlir? |
21. | Ölüm arzulayırlar amma tapmırlar, Dəfinə axtarmaqdan da çox onu axtarırlar, |
22. | Onlar məzar tapanda fərəhlənər, Şadlanaraq sevinər. |
23. | Hara getdiyi bilinməyən insana, Ətrafına Allah sədd çəkdiyi adama niyə ömür verilir? |
24. | Çörəkdən əvvəl ah-zar gəlir, Nalələrim sular kimi tökülür. |
25. | Çəkindiyim şeylər üzərimə tökülür, Qorxduğum şeylər başıma gəlir. |
26. | Rahatlığım, sakitliyim, dincliyim yoxdur, Ancaq sıxıntım vardır». |
← Job (3/42) → |