← Job (10/42) → |
1. | Canım həyatımdan bezib. Şikayətimə məhdudiyyət qoymayacağam, Acı həyatımdan danışacağam. |
2. | Qoy Allaha deyim: “Məni günahlandırma, Bir mənə söylə, niyə mənimlə çəkişirsən? |
3. | Məni incitmək, Əllərinin işini xor görmək, Pislərin niyyətlərinə işıq vermək Sənə xoşdurmu? |
4. | Səndə insan gözümü var? İnsan necə görürsə, Sən də elə görürsənmi? |
5. | Günlərin insan ömrü kimidirmi? İllərin insanın yaşadığı illər kimidirmi? |
6. | Çünki məndə təqsir axtarırsan, Günahlarımı araşdırırsan. |
7. | Özün də bilirsən mən şər adam deyiləm, Məni Sənin əlindən qurtaran yoxdur. |
8. | Əllərin mənə quruluş verdi, məni yaratdı. İndi dönüb məni yox edəcəksənmi? |
9. | Məni palçıqdan düzəltdin, bunu xatırla. Yenidən məni torpağa çevirəcəksənmi? |
10. | Məni süd kimi tökmədinmi, Pendir kimi bərkitmədinmi? |
11. | Ət və dərini əynimə geyindirdin, Məni sümük və vətərlərlə hördün, |
12. | Mənə həyat verdin, sevgi göstərdin, Qayğıma qalmağınla ruhumu hifz etdin. |
13. | Amma bunları qəlbində gizlətdin. Mən isə bilirəm, fikrində bu şeylər var: |
14. | Günah işlətsəydim, mənə nəzarət edərdin, Təqsirlərimi cəzasız qoymazdın. |
15. | Əgər günahkar olsaydım, vay halıma! Günahsız olsam belə, yenə başımı qaldıra bilmərəm, Çünki xəcalət içindəyəm, necə də biçarəyəm. |
16. | Əgər başımı qaldırsam, məni aslan kimi ovlarsan, Yenə heyrətamiz qüvvəni mənə göstərərsən. |
17. | Əleyhimə yeni şahidlər çıxararsan, Mənə qarşı qəzəbini artırarsan, Orduların üstümə dayanmadan hücum çəkər. |
18. | Niyə məni doğulmağa qoydun? Kimsənin gözü məni görmədən kaş öləydim. |
19. | Kaş ki heç yaranmayaydım, Bətndən məzara düşəydim. |
20. | Məgər ömrümə bir neçə gün qalmayıbmı? Mənə bir qədər sərbəstlik ver ki, bir az ürəyim açılsın |
21. | Gedər-gəlməz yerə, Zülmət və ölüm kölgəsi diyarına, |
22. | Qatı qaranlıq diyarına, Ölüm kölgəsi, qarışıqlıq diyarına, İşığı qaranlıq olan diyara getməzdən əvvəl”». |
← Job (10/42) → |