← James (4/5) → |
1. | Aranızda dava və çəkişmələrin kökü haradandır? Bədənlərinizin üzvlərində mübarizə edən ehtiraslarınızdan deyilmi? |
2. | Nə isə arzu edib əldə etməyincə adam öldürürsünüz. Həsəd aparırsınız, amma istədiyinizə nail olmayınca çəkişib dava edirsiniz. Əldə edə bilmirsiniz, çünki diləmirsiniz. |
3. | Diləyirsiniz, amma almırsınız, çünki öz kefinizə sərf etmək üçün pis niyyətlə diləyirsiniz. |
4. | Ey vəfasızlar, dünya ilə dostluğun Allaha qarşı düşmənçilik olduğunu bilmirsinizmi? Buna görə də dünya ilə dost olmaq istəyən özünü Allaha düşmən edər. |
5. | Bəlkə güman edirsiniz ki, Müqəddəs Yazı əbəs yerə «Allahın daxilimizə verdiyi ruh qısqanclıqla həsrət çəkər» deyir? |
6. | Lakin Allah daha çox lütf verir. Bunun üçün belə deyilir: «Allah məğrurlara qarşıdır, İtaətkarlara isə lütf göstərər». |
7. | Buna görə də Allaha tabe olun. İblisə qarşı durun və o sizdən qaçacaq. |
8. | Allaha yaxınlaşın, O da sizə yaxınlaşacaq. Ey günahkarlar, əllərinizi paklayın! Ey qərarsız insanlar, ürəklərinizi saflaşdırın! |
9. | Kədərlənin, yas tutun, ağlayın! Qoy gülüşünüz yasa, sevinciniz də qəmə dönsün! |
10. | Rəbbin önündə özünüzü aşağı tutun, O da sizi ucaldacaq. |
11. | Qardaşlar, bir-birinizi pisləməyin. Qardaşını pisləyən yaxud qardaşını mühakimə edən kəs Qanunu pisləyir və Qanunu mühakimə edir. Amma sən Qanunu mühakimə edirsənsə, Qanunun icraçısı deyil, onun hakimisən. |
12. | Qanunverən və Hakim birdir, xilas etməyə və həlak etməyə qadir olan Odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən? |
13. | İndi siz belə deyirsiniz: «Bu gün yaxud sabah biz filan şəhərə gedib orada bir il qalacağıq və ticarətlə məşğul olub pul qazanacağıq». |
14. | Əslində isə sabah nə baş verəcəyini bilmirsiniz. Axı həyatınız nədir ki? Qısa bir müddətə görünüb sonra da yox olan buxardır. |
15. | Bunun əvəzinə «əgər Rəbb istəyərsə, sağ qalarıq, bu və ya digər işi görərik» deməlisiniz. |
16. | İndi isə siz öz təkəbbürlü olmağınızla öyünürsünüz. Bu cür öyünmələrin hamısı pisdir. |
17. | Deməli, kimsə bir yaxşı işi görməli olduğunu bilib onu etmirsə, günah edir. |
← James (4/5) → |