← Hosea (2/14) → |
1. | Qardaşlarınızı “xalqım”, bacılarınızı isə “mərhəmət tapmış” deyə çağırın. |
2. | Qınayın siz ananızı, qınayın, Çünki o Mənim arvadım deyil, Mən də onun əri deyiləm. Qoy üzündə görünən fahişəliyi, Qoynunda olan xəyanəti atsın. |
3. | Yoxsa onu çıl-çılpaq soyundurub Lüt, anadangəlmə edəcəyəm. Mən onu səhra, quru torpaq kimi edəcəyəm, Susuzluqdan öldürəcəyəm. |
4. | Onun balalarına da rəhm etməyəcəyəm, Çünki onlar da xəyanət övladıdır. |
5. | Onların anası zina etdi. Onlara hamilə qalan qadın rəzillik etdi, Çünki dedi: “Oynaşlarımın dalınca gedəcəyəm, Axı çörəyimi, suyumu, yunumu, kətanımı, Zeytun yağımı və içkimi verən onlardır”. |
6. | Buna görə də onun yolunu qanqallarla kəsib Önünə hasar çəkəcəyəm. Öz yolunu tapa bilməyəcək. |
7. | Oynaşlarının dalınca gedəcək, Ancaq onlara çatmayacaq. Onları axtaracaq, Ancaq tapmayacaq. O zaman deyəcək: “Qoy öz əvvəlki ərimin yanına qayıdım, Çünki o vaxt halım indikindən yaxşı idi”. |
8. | Amma o bilmirdi ki, Ona taxılı, təzə şərabı, Zeytun yağını verən Mənəm. Baal bütü üçün sərf etdikləri Qızıl-gümüşü çoxaldan Mənəm. |
9. | Buna görə də öz vaxtında taxılımı, Öz mövsümündə təzə şərabımı geri alacağam. Onun çılpaqlığını örtmək üçün verdiyim Yunu və kətanı əlindən alacağam. |
10. | İndi oynaşlarının önündə Onun ayıbını üzə çıxaracağam. Kimsə onu əlimdən qurtara bilməyəcək. |
11. | Onda olan bütün şadlıqlara, Bayramlara, Təzə Ay mərasimlərinə, Şənbə günlərinə və bütün təntənələrə son qoyacağam. |
12. | Onun meynələrini və əncir ağaclarını məhv edəcəyəm. O bunlar barədə deyirdi: “Bu, oynaşlarımın mənə verdiyi muzddur”. Bağlarını tikanlığa çevirəcəyəm, Çöl heyvanlarına yem olacaqlar. |
13. | Baal bütlərinə buxur yandırdığı günlər üçün Onu cəzalandıracağam. O vaxt halqalar və cəvahiratla özünü bəzəyərək Oynaşlarının dalınca getmiş, Məni isə unutmuşdu» Rəbb belə bəyan edir. |
14. | «Amma Mən onu dilə tutub Səhraya aparacağam, Onun ürəyincə olan sözlər deyəcəyəm. |
15. | Orada ona üzüm bağları verəcəyəm, Akor vadisini ümid qapısına çevirəcəyəm. Cavanlıq günlərində olduğu kimi, Misir torpağından çıxdığı gün kimi Orada nəğmə oxuyacaq». |
16. | Rəbb bəyan edir: «Həmin gün Mənə “ərim” deyəcəksən, Artıq “ağam” deməyəcəksən. |
17. | Baal bütlərinin adını dilindən siləcəyəm, Onların adı bir də yada salınmayacaq. |
18. | O gün sənin asayişin üçün Çöl heyvanları, göy quşları və Yerdə sürünənlərlə əhd kəsəcəyəm. Ölkədən kamanı, qılıncı, Müharibəni götürəcək, Səni əmin-amanlıqda yatıracağam. |
19. | Səni əbədi olaraq Özümə nişanlayacağam, Salehlik, ədalət, məhəbbət və mərhəmətlə Səni özümə nişanlayacağam. |
20. | Səni sədaqətlə Özümə nişanlayacağam, Sən də Rəbbi tanıyacaqsan». |
21. | Rəbb bəyan edir: «O gün hay verəcəyəm, Göylərə hay verəcəyəm, Onlar da yerə hay verəcək. |
22. | Yer isə taxıla, təzə şəraba və Zeytun yağına hay verəcək, Onlar da İzreelə hay verəcək. |
23. | Xalqımı ölkədə Özüm üçün əkəcəyəm, “Mərhəmət tapmamış” dediyimə Mərhəmət edəcəyəm. “Xalqım deyil” dediyimə “Xalqımsan” deyəcəyəm. O isə Mənə “Allahımsan” deyəcək». |
← Hosea (2/14) → |