← Hosea (13/14) → |
1. | Efrayim danışanda hamı titrəyirdi. İsraildə ucalmışdı, Amma Baala tapınıb təqsir edəndə məhv oldu. |
2. | İndi günah üstünə günah edirlər, Gümüşlərindən özlərinə tökmə bütlər, Məharətlə düşünülmüş bütlər düzəldirlər. Hamısı usta işidir. «Qurban gətirən adamlar Danaları öpsün!» deyirlər. |
3. | Buna görə də səhər dumanı, Erkən uçub gedən şeh, Xırmanda sovrulan saman çöpü, Bacadan çıxan tüstü kimi olacaqlar. |
4. | «Ancaq Səni Misir torpağından çıxaran Allahın Rəbb Mənəm. Sən Məndən başqa allah tanımamalısan, Çünki Məndən başqa xilaskar yoxdur. |
5. | Mən sənə çöldə, quraq torpaqlarda göz-qulaq oldum. |
6. | Onları bəslədiyimə görə doydular, Doyandan sonra onların ürəyi qürurlandı, Buna görə də Məni unutdular. |
7. | Mən onlara bir aslan olacağam, Bəbir kimi yol kənarında Pusquda duracağam. |
8. | Balalarından məhrum olmuş ayı kimi Onlara hücum çəkəcəyəm, Ürəklərinin pərdəsini yırtacağam. Dişi aslan kimi onları yeyib-qurtaracağam, Vəhşi canavar onları parçalayacaq. |
9. | Ey İsrail, Mənə – Köməkçinə qarşı çıxmağın Səni ölümə aparır. |
10. | İndi padşahın haradadır ki, Bütün şəhərlərində səni xilas etsin? Hakimlərin haradadır? Sən ki onlar barədə “Mənə bir padşah və başçılar ver” deyirdin. |
11. | Qəzəb içində sənə padşah verdim, Hiddətlənəndə onu apardım. |
12. | Efrayimin qəbahəti yığılıb, Günahı qeydə alınıb. |
13. | Doğan qadının ağrıları ona çatır, Amma o, ağılsız oğuldur. Çünki vaxtı çatanda Bətndən çıxmağa ləngiyir. |
14. | Mən onları ölülər diyarının Əlindən satın alacağam, Onları ölümdən xilas edəcəyəm. Ey ölüm, bəlaların hanı? Ey ölülər diyarı, həlakın hanı? Gözümdə mərhəmət görünməyəcək. |
15. | Efrayim öz qardaşları arasında Barlı-bəhərli olsa da, Şərq yeli, səhradan qalxan Rəbbin küləyi gələcək, Onun bulağı quruyacaq, Çeşməsinin suyu kəsiləcək. Bütün qiymətli şeylər xəzinəsi qarət olunacaq. |
16. | Samariya günahının cəzasını çəkəcək, Çünki Allahına qarşı üsyankar oldu. Onlar qılıncdan həlak olacaq. Balaları yerə çırpılıb parçalanacaq, Hamilə qadınlarının qarnı yarılacaq». |
← Hosea (13/14) → |