Hosea (1/14) → |
1. | Bu, Yəhuda padşahları Uzziya, Yotam, Axaz, Xizqiya və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə Beeri oğlu Huşəyə nazil olan Rəbbin sözüdür. |
2. | Rəbb Huşənin vasitəsilə danışmağa başlayarkən ona belə dedi: «Get xəyanətkar bir arvad al və onun kimi xəyanətkar uşaqların olsun, çünki ölkənin xalqı Rəbdən üz döndərərək Ona hədsiz xəyanət edir». |
3. | Huşə gedib Divlayimin qızı Qomeri özünə arvad aldı. Qomer hamilə olub ona bir oğul doğdu. |
4. | Rəbb Huşəyə dedi: «Onun adını İzreel qoy, çünki tezliklə Mən İzreeldə tökülən qanın əvəzini Yehunun nəslindən alacağam və İsrail nəslinin padşahlığına son qoyacağam. |
5. | Həmin gün İzreel vadisində İsrailin kamanını qıracağam». |
6. | Qomer yenə hamilə olub bir qız doğdu. Rəbb Huşəyə dedi: «Onun adını Lo-Ruxama qoy, çünki Mən daha İsrail nəslinə mərhəmət edib onu bağışlamayacağam. |
7. | Yəhuda nəslinə isə Mən – onların Allahı Rəbb mərhəmət göstərəcəyəm, onları xilas edəcəyəm, ancaq onları nə kaman, nə qılınc, nə müharibə, nə atlar, nə də süvarilərlə xilas edəcəyəm». |
8. | Qomer Lo-Ruxamanı süddən kəsən kimi yenə hamilə olub bir oğul doğdu. |
9. | Rəbb dedi: «Onun adını Lo-Ammi qoy, çünki siz Mənim xalqım deyilsiniz, Mən də sizin Allahınız olmayacağam. |
10. | Ancaq İsrail övladları dəniz qumu kimi saysız-hesabsız olacaq. Onlara “siz Mənim xalqım deyilsiniz” deyilən yerdə “siz var olan Allahın övladlarısınız” deyiləcək. |
11. | Yəhuda və İsrail övladları bir yerə yığılıb özlərinə vahid başçı təyin edəcək. Onlar ölkədən çıxacaq, çünki İzreel günü möhtəşəm bir gün olacaq. |
Hosea (1/14) → |