← Hebrews (12/13) → |
1. | Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. |
2. | Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu. |
3. | Günahkarlardan Ona qarşı olan bu qədər düşmənçiliyə dözən Şəxs barəsində düşünün ki, yorulub ruhdan düşməyəsiniz. |
4. | Günaha qarşı etdiyiniz mübarizədə hələ qan töküləcək qədər möhkəm durmamısınız. |
5. | Sizə oğul deyib verilən bu nəsihəti unutdunuz: «Oğlum, Rəbbin verdiyi tərbiyəyə xor baxma, Onun məzəmmətindən ruhdan düşmə. |
6. | Çünki Rəbb sevdiyini tərbiyələndirər, Qəbul etdiyi hər oğulu döyər». |
7. | Tərbiyəyə tab gətirin. Allah sizinlə övladları kimi rəftar edir. Elə bir oğul varmı atası onu tərbiyələndirməsin? |
8. | Hər kəs üçün ümumi olan tərbiyədən məhrum olsanız, deməli, siz oğul yox, qeyri-qanuni övladsınız. |
9. | Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi? |
10. | Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir. |
11. | Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir. |
12. | Buna görə yorğun əllərinizi qaldırın və zəiflənmiş dizlərinizi gücləndirin. |
13. | Ayaqlarınız üçün düz yollar seçin ki, axsaq bədən üzvləriniz yerindən çıxmasın, əksinə sağalsın. |
14. | Hamı ilə birlikdə sülh içində yaşamağa və müqəddəs olmağa can atın, çünki müqəddəsliyə nail olmadan heç kim Rəbbi görməyəcək. |
15. | Diqqət edin ki, heç kim Allahın lütfündən məhrum olmasın, aranızda bir acı kök böyüyüb əziyyət verməsin və bununla bir çoxlarını murdar etməsin. |
16. | Qoy heç kim əxlaqsız və yaxud Esav kimi allahsız olmasın. O, bir qab xörəyə görə öz ilk oğulluq haqqını satdı. |
17. | Bilirsiniz ki, bundan sonra da o, xeyir-duanı irs olaraq almaq istəyirdi, lakin rədd olundu. Xeyir-duanı göz yaşları ilə axtardısa da, atasının fikrini dəyişməyə qadir olmadı. |
18. | Siz toxunula bilən, odla yanan bir şeyə, qaranlığa, zülmətə, qasırğaya, |
19. | şeypur gurultusuna və kəlam söyləyən səsə yaxınlaşmadınız; o səsi eşidənlər onlara daha bir söz deyilməsin deyə yalvardılar. |
20. | Çünki «əgər dağa bir heyvan belə, toxunsa, o, daşqalaq edilsin» əmrinə tab gətirə bilməzdilər. |
21. | Bu mənzərə o qədər qorxunc idi ki, Musa «mən qorxu və lərzə içindəyəm» dedi. |
22. | Lakin siz Sion dağına, var olan Allahın şəhərinə – səmavi Yerusəlimə, saysız-hesabsız mələklərə, |
23. | göylərdə adları qeyd edilmiş ilk doğulanların ümumi məclisinə və cəmiyyətinə, hamının Hakimi olan Allaha, kamala çatmış salehlərin ruhlarına, |
24. | Yeni Əhdin Vasitəçisi olan İsaya və Habilin qanından daha üstün söz deyən səpilmiş qana yaxınlaşdınız. |
25. | Bunu Deyəni rədd etməyəsiniz deyə diqqətli olun. Çünki əgər yer üzündə xəbərdarlıq edəni rədd edənlər cəzadan qaça bilmədilərsə, biz göylərdən xəbərdarlıq Edəndən üz döndərsək, cəzadan qaça bilməyəcəyimiz daha çox yəqindir. |
26. | O vaxt Onun səsi yeri sarsıtdı. Amma indi «Mən bir dəfə də yalnız yeri yox, göyü də lərzəyə gətirəcəyəm» deyə vəd etmişdir. |
27. | «Bir dəfə də» sözü bunu göstərir: sarsıla bilən, yəni yaradılmış şeylər aradan qaldırılacaq ki, sarsıla bilməyənlər daim var olsunlar. |
28. | Buna görə sarsılmaz Padşahlığa nail olduğumuz üçün minnətdar olaq; belə ki möminlik və ehtiramla Allaha məqbul tərzdə Ona ibadət edək. |
29. | Çünki Allahımız yandırıb-yaxan alovdur. |
← Hebrews (12/13) → |