Galatians (1/6) → |
1. | Nə insanlardan, nə də insan vasitəsilə, yalnız İsa Məsih və Onu ölülər arasından dirildən Ata Allah vasitəsilə həvari təyin olunan mən Pauldan |
2. | və mənimlə olan bütün qardaşlardan Qalatiyada olan imanlı cəmiyyətlərə salam! |
3. | Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! |
4. | Atamız Allahın iradəsinə görə Məsih günahlarımız üçün Özünü fəda etdi ki, bizi indiki şər dövründən qurtarsın. |
5. | Allaha əbədi izzət olsun! Amin. |
6. | Heyrətlənirəm ki, Məsihin lütfü ilə sizi çağıran Allahı belə tezliklə tərk edib başqa bir müjdəyə tərəf dönürsünüz. |
7. | Əslində başqa müjdə yoxdur. Amma sizi lərzəyə salıb Məsihin Müjdəsini təhrif etmək istəyənlər vardır. |
8. | Amma istər biz, istərsə göydən gələn bir mələk belə, bizim sizə yaydığımız Müjdəyə zidd bir şeyi müjdə kimi yaysa, ona lənət olsun! |
9. | Əvvəlcə dediyimizi indi bir daha deyirəm: kim sizə qəbul etdiyiniz Müjdəyə zidd bir şey yayırsa, ona lənət olsun! |
10. | İndi mən insanları, yoxsa Allahı məmnun etməyi axtarıram? Yoxsa insanlarımı razı salmağa çalışıram? Əgər mən hələ də insanları razı salmaq istəsəydim, Məsihin qulu olmazdım. |
11. | Qardaşlar, sizə bəyan edirəm ki, mənim yaydığım Müjdənin mənbəyi insan deyil. |
12. | Çünki mən onu insandan almadım və insan tərəfindən də öyrədilmədim. Bunu mənə İsa Məsih vəhy vasitəsilə açdı. |
13. | Yəhudi dininə bağlı olduğum günlərdə mənim necə həyat sürdüyümü eşitdiniz. Mən Allahın cəmiyyətini hədsiz təqib edir, onu dağıdırdım. |
14. | Yəhudi dinində soydaşlarım arasında yaşıdlarımın bir çoxundan daha irəlidə idim. Ata-babalarımın adət-ənənələrinin qeyrətini həddindən artıq çəkirdim. |
15. | Amma hələ anamın bətnindən məni seçib lütfü ilə çağıran Allah |
16. | Öz Oğlu ilə bağlı Müjdəni başqa millətlər arasında yayım deyə Onu mənə zahir etməyə razı olanda dərhal insanlarla məsləhətləşmədim. |
17. | Yerusəlimə, məndən qabaq həvari olanların yanına da getmədim, amma Ərəbistana getdim, sonra yenə Dəməşqə qayıtdım. |
18. | Üç il keçəndən sonra isə Kefa ilə tanış olmaq üçün Yerusəlimə getdim və on beş gün onun yanında qaldım. |
19. | O biri həvarilərin heç birini görmədim. Yalnız Rəbbin qardaşı Yaqubu gördüm. |
20. | Allahın önündə sizə yazdıqlarımın yalan olmadığını deyirəm. |
21. | Sonra Suriya və Kilikiya diyarlarına getdim. |
22. | Yəhudeyanın Məsihdə olan cəmiyyətləri isə məni şəxsən tanımırdılar. |
23. | Yalnız bu sözü eşidirdilər: «Bir zaman bizi təqib edən şəxs vaxtilə yox etməyə çalışdığı imanı müjdələyir». |
24. | Beləliklə, mənə görə Allahı izzətləndirirdilər. |
Galatians (1/6) → |