← Ezra (3/10) → |
1. | Artıq İsraillilər öz şəhərlərində idi. Yeddinci ay çatanda xalq bir nəfər kimi Yerusəlimdə toplandı. |
2. | Yosadaq oğlu Yeşua ilə kahin qardaşları və Şealtiel oğlu Zerubbabillə qardaşları İsrailin Allahının qurbangahını qurdular ki, Allah adamı Musanın Qanununda yazıldığı kimi üstündə yandırma qurbanları təqdim edilsin. |
3. | Ətrafda yaşayan xalqlardan qorxmalarına baxmayaraq, qurbangahı əvvəlki bünövrə üzərində qurdular. Sonra onun üzərində səhər-axşam Rəbbə yandırma qurbanları təqdim etdilər. |
4. | Yazıya görə Çardaqlar bayramı keçirdilər və qaydaya görə günbəgün müəyyən miqdarda gündəlik yandırma qurbanları təqdim etdilər. |
5. | Sonra daimi yandırma qurbanları verdilər. Təzə Ay mərasimlərinin, eləcə də Rəbbin təqdis etdiyi bütün bayramların təqdimlərini və hamının könüllü olaraq Rəbbə etdiyi təqdimləri verdilər. |
6. | Rəbbin məbədinin bünövrəsinin qoyulmamasına baxmayaraq, onlar yeddinci ayın birinci günündə Rəbbə yandırma qurbanları təqdim etməyə başladılar. |
7. | Daşyonanlarla dülgərlərə pul verdilər. Fars padşahı Kirdən izin aldıqlarına görə Livandan dəniz yolu ilə Yafoya sidr ağacları gətirmələri üçün Sidonlularla Surlulara yemək-içmək və zeytun yağı verdilər. |
8. | Allahın evinə, Yerusəlimə gəlişlərinin ikinci ilinin ikinci ayında Şealtiel oğlu Zerubbabil və Yosadaq oğlu Yeşua ilə digər qardaşları – kahinlər, Levililər, əsirlikdən Yerusəlimə qayıdanların hamısı işə başladılar. İyirmi və ondan yuxarı yaşda olan Levililəri Rəbbin məbədinin tikinti işinə nəzarətçi təyin etdilər. |
9. | Levililərdən Yeşua və övladları ilə qardaşları, Hodavya nəslindən törənən Qadmiellə övladları, Xenadad övladları, nəvələri və qardaşları Allahın evində işləyənlərə nəzarət etdilər. |
10. | Bənnalar Rəbbin məbədinin təməlini qoyan zaman İsrail padşahı Davudun qoyduğu qaydaya əsasən kahinlər xüsusi libas geyinib əllərindəki kərənaylarla, Asəf övladlarından olan Levililərsə sinclərlə Rəbbə həmd etmək üçün öz yerlərini tutdular. |
11. | Onlar Rəbbə həmd və şükür edib növbə ilə Onu tərənnüm edərək belə deyirdilər: «Rəbb yaxşıdır, çünki İsrailin üzərində məhəbbəti əbədidir». Onlar Rəbbə həmd edəndə bütün xalq ucadan qışqırdı, çünki Rəbb evinin bünövrəsi qoyulmuşdu. |
12. | Əvvəlki məbədi görmüş bir çox qoca kahinlər, Levililər və nəsil başçıları məbədin bünövrəsinin qoyulduğunu görəndə hönkürüb ağladılar, bir çoxları isə sevincdən haray çəkdilər. |
13. | Xalq gurultulu sevinc səsləri ilə ağlaşma səslərini bir-birindən ayıra bilmirdi, çünki onların gurultu ilə qopan haray səsləri uzaqlarda eşidilirdi. |
← Ezra (3/10) → |