Ezra (1/10) → |
1. | Rəbb Fars padşahı Kirin hökmranlığının birinci ilində Yeremyanın dili ilə dediyi sözü yerinə yetirmək üçün Kiri ruhlandırdı. Ona görə Kir padşahlığının bütün ərazisində yazılı və şifahi elan etdi: |
2. | «Budur, Fars padşahı Kir belə deyir: “Göylərin Allahı Rəbb dünyanın bütün padşahlıqlarını mənə verdi və Yəhudanın Yerusəlim şəhərində Öz məbədini tikməyi mənə əmr etdi. |
3. | Aranızda Onun xalqına mənsub olanların hamısına qoy Allahı yar olsun! Qoy onlar Yəhudanın Yerusəlim şəhərinə qalxsın və İsrailin Allahı Rəbbin məbədini tiksinlər. Yerusəlimdə səcdə qılınan Allah Odur. |
4. | Sağ qalan İsraillilər hansı əhali arasında yaşayırsa, qoy onlar Yerusəlimdəki Allah evinə verəcəkləri könüllü ianələrdən başqa, qızıl-gümüş, əşya və heyvanlar verməklə bu adamlara kömək etsinlər”». |
5. | Yəhuda, Binyamin qəbilələrinin nəsil başçıları, kahinlərlə Levililər, eləcə də Allahın ruhlandırdığı bütün adamlar Rəbbin Yerusəlimdəki məbədini tikmək üçün yola düşməyə hazırlaşdılar. |
6. | Aralarında yaşadıqları yerli əhalinin hamısı verdikləri könüllü ianələrdən başqa, qızılla, gümüş qablarla, əşyalarla, heyvanlarla və qiymətli şeylərlə onlara kömək etdilər. |
7. | Padşah Kir Navuxodonosorun Rəbbin Yerusəlimdəki məbədindən götürüb öz allahlarının məbədinə qoyduğu əşyaları çıxartdı. |
8. | Fars padşahı Kir onları xəzinədar Mitredatın əli ilə oradan çıxardaraq hamısını sayıb Yəhuda rəhbəri Şeşbassara verdi. |
9. | Onların sayı bu qədər idi: otuz qızıl ləyən, min gümüş ləyən, iyirmi doqquz bıçaq, |
10. | otuz qızıl boşqab, bir-birinə oxşayan dörd yüz on gümüş boşqab və min ədəd də başqa qablar. |
11. | Qızıl və gümüş əşyaların hamısı beş min dörd yüz ədəd idi. Sürgündə yaşayanlar Babildən Yerusəlimə qaytarılanda Şeşbassar bu əşyaların hamısını onlarla bərabər gətirdi. |
Ezra (1/10) → |