← Ezekiel (7/48) → |
1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
2. | «Sən ey bəşər oğlu, Xudavənd Rəbb İsrail torpağına belə deyir: “Axırı çatdı, ölkənin dörd tərəfinin axırı çatdı. |
3. | İndi sənin axırın çatdı. Qəzəbimi sənin üstünə göndərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. |
4. | Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, Rəbb Mənəm”. |
5. | Xudavənd Rəbb belə deyir: “Budur, bir bəla, tayı olmayan bir müsibət gəlir. |
6. | Axırın çatıb, axırın çatıb, sənə qarşı qalxır. Budur, tezliklə gəlir! |
7. | Ey ölkənin sakini, qiyamət günün çatdı, vaxt gəldi, gün yaxındadır. Dağların üstündən sevinc nidası deyil, çaxnaşma səsi gəlir. |
8. | Tezliklə qızğınlığımı üstünə tökəcəyəm, sənə qarşı qəzəbimi bütünlüklə göstərəcəyəm, öz əməllərinə görə səni cəzalandıracaq, bütün iyrənc işlərinin əvəzini başına gətirəcəyəm. |
9. | Sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm, öz əməllərinə görə səni cəzalandıracağam, iyrənc işlərinin əvəzini alacaqsan. Onda biləcəksiniz ki, zərbə vuran Mən Rəbbəm. |
10. | Budur o gün! Gün gəldi, sənin qiyamət günün çatdı: əsa çiçəkləndi, qürur gül açdı. |
11. | Zorakılıq çoxalıb pisliyin əsası oldu. Buna görə də xalqdan, onların izdihamından, var-dövlətindən və əzəmətindən əsər-əlamət qalmayacaq. |
12. | Vaxt gəldi, gün yaxınlaşdı. Alıcı sevinməsin, satıcı heyfsilənməsin, çünki bütün kütlənin üstünə qəzəb yağacaq. |
13. | Hətta onlar yaşasalar da, satıcı satdığı torpağa qayıtmayacaq, çünki onların bütün camaatına aid olan bu vəhy hədəfindən dönməyəcək. Heç kəs təqsiri ilə həyatını davam etdirə bilməyəcək. |
14. | Şeypur çalındı və hər şey hazırlandı, ancaq müharibəyə gedən yoxdur. Çünki qəzəbim bütün camaatın üstünə yağacaq. |
15. | Bayırda qılınca, içəridə vəba və aclığa tuş gələcəklər, çöldə olan qılıncdan öləcək, şəhərdə olanı aclıq və vəba yeyəcək. |
16. | Sağ qalanları qaçıb-qurtulsa da, dərələrdəki göyərçinlər kimi dağlarda yaşayacaq, hər kəs təqsirindən ötrü ah-zar edəcək. |
17. | Hamının əli yanına düşəcək, hər kəsin dizləri titrəyəcək. |
18. | Çula bürünəcəklər, onları dəhşət saracaq. Hamının üzündə xəcalət olacaq, hamının başı daz olacaq. |
19. | Gümüşlərini küçələrə atacaqlar, qızılları napak sayılacaq. Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək, bədənlərini qidalandırmayacaq, qarınlarını doydurmayacaq, çünki bu şeylər onların təqsirlərinə bais oldu. |
20. | Bər-bəzəklərinin gözəlliyi onları qürurlandırdı. Öz iyrənc və mənfur bütlərini bu şeylərdən düzəltdilər. Ona görə də bunları özləri üçün murdar bir şeyə çevirdim. |
21. | Bunları qənimət kimi özgələrə, qarət malı kimi dünyadakı pis adamların əlinə verəcəyəm və onları murdarlayacaqlar. |
22. | Mən xalqdan üz döndərəcəyəm, müqəddəs məskənim murdarlanacaq, quldurlar içəri girib oranı murdarlayacaq. |
23. | Sən zəncir düzəlt, çünki ölkə qanlı cinayətlərlə, şəhər zorakılıqla dolub. |
24. | Millətlərin ən qəddarını onların üstünə gətirəcəyəm və evlərini əllərindən alacaqlar. Güclülərin qüruruna son qoyacağam, müqəddəs yerləri murdarlanacaq. |
25. | Dəhşət gəlir. Əmin-amanlıq axtaracaqlar, amma tapmayacaqlar. |
26. | Bəla üstündən bəla gələcək, qara xəbər dalınca qara xəbər çatacaq. Peyğəmbərlərdən görüntü istəyəcəklər, kahinin qanun öyrətməyi bitəcək, ağsaqqallar nəsihət verməyəcək. |
27. | Padşah yas tutacaq, əmirləri məyusluq bürüyəcək, ölkə xalqının əli yanına düşəcək. Onları əməllərinə görə cəzalandıracağam, hökmlərinə görə hökm edəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm”». |
← Ezekiel (7/48) → |