← Ezekiel (5/48) → |
1. | Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır. |
2. | Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm. |
3. | Tüklərin bir azını da götürüb paltarının ətəyinə bağlayarsan. |
4. | Onlardan bir qədər də götürüb odun içinə atar və onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq». |
5. | Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim. |
6. | Onun xalqı isə başqa millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, qaydalarıma əməl etmədilər». |
7. | Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız». |
8. | Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni cəzalandıracağam. |
9. | Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm. |
10. | Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam». |
11. | Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm. |
12. | Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm. |
13. | Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim. |
14. | Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm. |
15. | Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim. |
16. | Mən sizi məhv etmək üçün üstünüzə aclığın amansız oxlarını göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin kökünü kəsəcəyəm. |
17. | Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan keçəcək, üstünüzə qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim». |
← Ezekiel (5/48) → |