| ← Ezekiel (38/48) → |
| 1. | Mənə Rəbbin bu sözü nazil oldu: |
| 2. | «Ey bəşər oğlu, Maqoq ölkəsindən olan Roşun, Meşekin və Tuvalın rəhbəri Qoqa üz tut və onun əleyhinə peyğəmbərlik edib söylə ki, |
| 3. | Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. |
| 4. | Səni geri qaytaracağam, çənələrinə çəngəllər taxacağam. Səni, bütün ordunu, atları, tam təchiz olunmuş atlıları, hamısı qalxan, sipər və qılıncla silahlanmış böyük qoşunu qovub çıxaracağam. |
| 5. | Onlarla birgə hamısı qalxan və dəbilqəyə bürünmüş Farsları, Kuşluları, Putluları, |
| 6. | Qomeri və onun bütün qoşunlarını, ucqar şimaldan Toqarma nəslini və onun bütün qoşunlarını, bunlarla birgə bir çox xalqları qovub çıxaracağam. |
| 7. | Hazır ol! Ətrafında toplanmış böyük bir qoşunla birgə hazırlaş. Onları sən qoruyacaqsan. |
| 8. | Uzun müddət sonra döyüşə çağırılacaqsan. Gələcək illərdə qılıncdan qurtulub rahatlanan ölkəyə hücum edəcəksən. O ölkənin sakinləri çoxlu xalq içindən İsrail dağlarına toplanmışdı. Bu dağlar həmişə xarabalıq idi, ancaq indi sakinləri xalqlar arasından geri qaytarılacaq və hamısı asayiş içində yaşayacaq. |
| 9. | Sən, bütün qoşunun və səninlə birgə bir çox xalq çıxıb tufan kimi gələcəksiniz, ölkənin üzərini tutan buluda bənzəyəcəksiniz”. |
| 10. | Xudavənd Rəbb belə deyir: “O gün ağlına bəzi düşüncələr gələcək, pis niyyətlər qurub |
| 11. | deyəcəksən: ‹Divarsız kəndləri olan bir ölkəyə hücum edib asayiş və əmin-amanlıq içində yaşayan adamların üstünə gedəcəyəm. Bu kəndlərin hamısı divarsızdır, darvazaları da, sürgüləri də yoxdur. |
| 12. | Viran olmuş şəhərlərdə yaşayan xalqı qarət edib malını talayacağam›. Sürüsü və malı olan, dünyanın ortasında yaşayan bu millətlərin arasından toplanmış xalqa qarşı əlini uzadacaqsan. |
| 13. | Səba, Dedan, Tarşiş tacirləri və bütün kəndlərinin əhalisi sənə deyəcək: ‹Qarət üçünmü gəldin? Talan etmək, qızıl-gümüş götürmək, mal-qara və əşya aparmaq, bol qənimət ələ keçirmək üçünmü qoşun topladın?›” |
| 14. | Buna görə də, ey bəşər oğlu, peyğəmbərlik edib Qoqa söylə ki, Xudavənd Rəbb belə deyir: “O gün xalqım İsrail asayiş içində yaşayanda bunu dərk etməyəcəksinizmi? |
| 15. | Sən və özünlə birgə bir çox xalqlardan olan və hamısı ata minmiş böyük bir qoşun, güclü bir ordu öz yerindən – uzaq şimaldan gələcəksən. |
| 16. | Ölkəni bürüyən bir bulud kimi xalqım İsrailin üstünə hücum edəcəksən. Ey Qoq, gələcəkdə səni öz ölkəmin üstünə gətirəcəyəm ki, gözləri önündə müqəddəsliyimi sənin vasitənlə göstərdiyim zaman millətlər məni tanıya bilsin”. |
| 17. | Xudavənd Rəbb belə deyir: “Məgər sən qədim zamanlarda İsrail peyğəmbərləri vasitəsilə haqqında danışdığım adam deyilsən? Bu peyğəmbərlər o zaman səni onların üstünə gətirəcəyim barədə illərlə peyğəmbərlik etdi. |
| 18. | O gün Qoq İsrail torpağına hücum etdiyi gün qəzəbim alovlanacaq” deyir Xudavənd Rəbb. |
| 19. | “Qısqanclığımla və şiddətli qəzəbimlə deyirəm ki, o gün İsrail torpağında böyük bir zəlzələ olacaq. |
| 20. | Dənizdəki balıqlar, göydəki quşlar, çöldəki heyvanlar, yerdə sürünən bütün canlılar və yer üzündəki bütün insanlar önümdə titrəyəcək. Dağlar yerlə yeksan olacaq, sıldırım qayalar uçacaq, bütün divarlar yıxılacaq. |
| 21. | Bütün dağlarımda qılıncı Qoqun üstünə getməyə çağıracağam” Xudavənd Rəbb belə bəyan edir, “hər kəs bir-birinin üstünə qılınc çəkəcək. |
| 22. | Üstünə vəba gətirib qanını tökərək onu cəzalandıracağam. Onun, ordularının və yanında gələn çoxlu xalqın üstünə leysan yağış, iri dolu dənələri, od və kükürd yağdıracağam. |
| 23. | Beləcə əzəmətimi və müqəddəsliyimi göstərəcək, bir çox millətlərin gözü önündə Özümü tanıdacağam. Onda biləcəklər ki, Rəbb Mənəm”. |
| ← Ezekiel (38/48) → |