← Ezekiel (3/48) → |
1. | O yenə mənə dedi: «Ey bəşər oğlu, aldığın şeyi – bu tumarı yeyib get və İsrail nəslinə söylə». |
2. | Onda mən ağzımı açdım və O, tumarı mənə yedirdi. |
3. | Sonra mənə dedi: «Ey bəşər oğlu, mədəni bununla doldur, sənə verdiyim bu tumarla qarnını doydur». Mən yedim, ağzım bal kimi şirin oldu. |
4. | O mənə dedi: «Ey bəşər oğlu, qalx, İsrail nəslinin yanına get və sözlərimi onlara söylə. |
5. | Sən ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan bir xalqın yanına deyil, İsrail nəslinin yanına göndərilirsən, |
6. | ləhcəsi, danışığı anlaşılmaz, dili çətin olan çoxlu xalq arasına göndərilmirsən. Əgər Mən səni onların yanına göndərsəydim, onlar sənə qulaq asardı. |
7. | Ancaq İsrail nəsli sənə qulaq asmaq istəməyəcək, onlar Mənə də qulaq asmaq istəmir, çünki bütün İsrail nəsli inadkar və dikbaşdır. |
8. | Bax Mən səni də onlar kimi inadkar edəcəyəm, onlar kimi dikbaş edəcəyəm. |
9. | Sənin inadını çaxmaq daşından möhkəm olan almaz kimi möhkəm edəcəyəm. Üsyankar bir xalq olsalar da, onlardan qorxma, qarşılarında vahiməyə düşmə». |
10. | O yenə mənə dedi: «Ey bəşər oğlu, Mənim dediyim bütün sözləri ürəyində saxla və qulaqlarınla eşit. |
11. | Qalxıb sürgün olunmuş soydaşlarının yanına get, onlarla danışıb söylə: “Xudavənd Rəbb belə deyir!” Onlar istəyirlər sənə qulaq assın, istəyirlər yox». |
12. | Sonra Ruh məni yuxarı qaldırdı və arxamdan böyük bir gurultu eşitdim: «Rəbbin izzətinə Öz yerində alqış olsun». |
13. | Canlı məxluqların qanadları bir-birinə toxunduqca onların səsini, yanlarındakı təkərlərin şaqqıltısını – böyük gurultunu eşitdim. |
14. | Ruh məni yuxarı qaldırdı və götürüb apardı. Mən də kədərli və acıqlı halda getdim. Rəbb əlini mənim üzərimdə möhkəm tutmuşdu. |
15. | Mən Tel-Avivdə olan sürgün olunmuş adamların – Kevar çayının sahilində yaşayanların yanına gəldim və onların yaşadıqları yerdə qaldım. Orada onların arasında yeddi gün çaşqınlıq içində yaşadım. |
16. | Yeddi gün keçdikdən sonra mənə Rəbbin bu sözü nazil oldu: |
17. | «Ey bəşər oğlu, səni İsrail nəslinə gözətçi qoydum. Sən sözü ağzımdan eşidəndə Mənim adımdan onlara xəbərdarlıq et. |
18. | Mən pis adama “hökmən öləcəksən” dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. |
19. | Ancaq sən pis adama xəbərdarlıq etsən, o isə pisliyindən və şər əməlindən dönməsə, öz təqsiri içində öləcək, lakin sən bunun məsuliyyətindən qurtarmış olursan. |
20. | Əgər bir saleh adam öz salehliyindən dönüb pislik etsə və Mən onun qarşısına maneə qoysam, o öləcək. Ona xəbərdarlıq etmədiyin üçün o adam öz günahı içində öləcək və etdiyi saleh əməlləri hesaba alınmayacaq, lakin onun qanı üçün məsuliyyəti Mən sənin üzərinə qoyacağam. |
21. | Ancaq günah etməməsi üçün saleh adama xəbərdarlıq etsən və o günah etməsə, hökmən yaşayacaq, çünki xəbərdarlığı qəbul etmişdir, sənsə məsuliyyətdən qurtarmış olursan». |
22. | Orada Rəbbin əli mənim üzərimdə idi. O mənə dedi: «Qalx, düzənliyə çıx, Mən səninlə orada danışacağam». |
23. | Mən qalxıb düzənliyə çıxdım. Orada da Kevar çayının sahilində gördüyüm izzət kimi Rəbbin izzəti durmuşdu. Mən üzüstə yıxıldım. |
24. | Ruh daxilimə girdi və məni ayaq üstə qaldırdı. O mənimlə danışıb belə dedi: «Get, evində qapını arxadan bağla. |
25. | Ey bəşər oğlu, sənə kəndir vuracaqlar, səni kəndirlərlə bağlayacaqlar, daha xalqın arasında gəzə bilməyəcəksən. |
26. | Dilini damağına yapışdıracağam və sən lal olacaqsan, üsyankar bir xalq olsalar da, onları məzəmmət edə bilməyəcəksən. |
27. | Yalnız Mən səninlə danışmağa başlayanda dilini açacağam, sən də onlara deyəcəksən: “Xudavənd Rəbb belə deyir”. Qoy eşitmək istəyən eşitsin, eşitmək istəməyən eşitməsin, çünki onlar üsyankar bir xalqdır. |
← Ezekiel (3/48) → |