Ephesians (1/6) → |
1. | Allahın iradəsi ilə Məsih İsanın həvarisi olan mən Pauldan Məsih İsada sadiq qalan Efesdəki müqəddəslərə salam! |
2. | Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! |
3. | Bizə Məsihdə səmadakı hər cür ruhani nemətlə xeyir-dua verən Allaha – Rəbbimiz İsa Məsihin Atasına alqış olsun! |
4. | O, dünya yaranmazdan qabaq bizi Məsihdə seçdi ki, biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq. |
5. | Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. |
6. | Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək. |
7. | Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik. |
8. | Tam hikmət və dərrakə ilə bizə bol-bol göstərdiyi Öz zəngin lütfünə görə biz Oğlunda, Onun qanı vasitəsilə satınalınmaya – təqsirlərimizin bağışlanmasına malikik. |
9. | Allah əvvəlcə sirr olaraq saxladığı iradəsini xoş məramına görə bizə bildirdi. Bu məramını O, Məsihdə əvvəlcədən təyin etmişdi. |
10. | Vaxt tamam olanda isə bu niyyətini yerinə yetirərək həm göylərdə, həm də yerdə olan hər şeyi Məsihdə birləşdirəcək. |
11. | Hər şeyi Öz iradəsindən yaranan qərarı ilə yerinə yetirən Allahın məqsədinə görə biz əvvəlcədən təyin edilərək Məsihdə irs aldıq ki, |
12. | qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq. |
13. | Həqiqət kəlamını, xilasınızın Müjdəsini eşidib Məsihə iman edən zaman siz də vəd olunmuş Müqəddəs Ruhla Onda möhürləndiniz. |
14. | Müqəddəs Ruh Allaha məxsus olanların satın alınmasından ötrü irsimiz üçün qoyulan girovdur. Belə ki Allahın izzətini mədh edək. |
15. | Bundan ötrü mən də Rəbb İsaya olan imanınız və bütün müqəddəslərə göstərdiyiniz məhəbbət barədə eşidib |
16. | sizi dualarımda yada salaraq durmadan sizin üçün şükür edirəm. |
17. | Dua edirəm ki, Rəbbimiz İsa Məsihin Allahı olan izzətli Ata Özünü sizə tanıtmaq üçün hikmət və vəhy ruhunu versin. |
18. | Qoy O, qəlbinizin gözünü nurlandırsın ki, Onun çağırışından yaranan ümidin nə olduğunu, müqəddəslərə verdiyi irsin izzətinin necə zəngin olduğunu, |
19. | Onun böyük qüvvəsinin fəaliyyətinə görə iman edən bizlərə sərf etdiyi qüdrətinin hədsiz böyüklüyünün nə olduğunu görəsiniz. |
20. | Allah bu qüdrətlə Məsihdə elə fəaliyyət göstərdi ki, Onu ölülər arasından dirildib səmada Öz sağında oturtdu |
21. | və hər başçı, hakim, qüvvə və ağadan, yalnız bu dövrdə deyil, gələcək dövrdə də çəkiləcək hər addan Onu çox yüksəltdi. |
22. | Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. |
23. | Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür. |
Ephesians (1/6) → |