← Ecclesiastes (7/12) → |
1. | Yaxşı ad ətirli yağdan, Ölüm günü isə doğum günündən yaxşıdır. |
2. | Yas evinə getmək Ziyafət evinə getməkdən yaxşıdır, Çünki hər kəsin axırı ölümdür. Gərək yaşayan hər adam Bunu yadında saxlasın. |
3. | Qüssə gülməkdən yaxşıdır, Çünki üzün qəmgin olması İnsan üçün daha yaxşıdır. |
4. | Hikmətli adamın ürəyi yas evindədir, Amma ağılsızın ürəyi şadlıq evində. |
5. | Hikmətli adamın məzəmmətini eşitmək Ağılsızın nəğməsini eşitməkdən yaxşıdır. |
6. | Çünki ağılsız adamın gülməyi Qazan altında yanan tikanlı kolun səsi kimidir. Bu da puçdur. |
7. | Haram gəlir hikmətli adamı ağılsıza çevirir, Rüşvət isə ürəyi bərbad edir. |
8. | Bir şeyin axırı əvvəlindən yaxşıdır, Səbirli adam qürurludan yaxşıdır. |
9. | Qəzəblənməyə tələsmə, Çünki qəzəb ağılsızların Ürəyində yuva salar. |
10. | “Niyə keçən günlər bu gündən yaxşı idi?” demə, Çünki verdiyin sual hikmətli sual deyil. |
11. | Hikmət miras mal qədər yaxşıdır, Dünyada yaşayan hər kəs üçün faydalıdır. |
12. | Çünki pul necə insanın sipəridirsə, Hikmət də eləcə insanın sipəridir. Amma biliyin faydası bundan ibarətdir: Hikmət ona sahib olana həyat verər. |
13. | Allahın işinə diqqət et: Onun əydiyini kim düzəldə bilər? |
14. | Yaxşı gündə şad-xürrəm ol, Pis gündə isə bunu anla: Hər cür günü Allah təyin edib ki, İnsan özündən sonra nə olacağını bilməsin. |
15. | Puç ömrümdə bunları gördüm: Saleh adam salehliyinə baxmayaraq, ölür, Pis adamın isə pisliyinə baxmayaraq, ömrü uzanır. |
16. | Həddən artıq saleh olma, Həddən artıq müdrik olma. Nə üçün özünü üzəsən? |
17. | Həddən artıq pis olma, Həddən artıq ağılsız olma. Nə üçün əcəlin çatmamış öləsən? |
18. | Bir şeydən yapışmağın yaxşıdır, Amma o birindən də əlini çəkmə. Çünki Allahdan qorxan adam Hər ikisini tarazlayar. |
19. | Hikmət ağıllı adama Şəhərdə olan on hakimin hökmündən Daha çox güc verər. |
20. | Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin. |
21. | Adamların dediyi hər sözə məhəl qoyma, Onda nökərinin səni söydüyünü eşitməzsən. |
22. | Çünki sənin ürəyin də yaxşı bilir ki, Sən də başqa adamları çox söymüsən. |
23. | Bu deyilənlərin hamısını hikmətlə sınadım. “Hikmətli olacağam” söylədim. Amma buna qadir olmadım. |
24. | Hikmət deyilən şey Çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər? |
25. | Mən ürəyimdə niyyət etdim ki, Hikməti və hər şeyin əsasını bilim, Axtarıb araşdırım, Bilim ki, pislik ağılsızlıqdır, Ağılsızlıq isə dəlilikdir. |
26. | Tələ quran qadını Ölümdən acı gördüm. Onun ürəyi tora, Əlləri zəncirə bənzər. Allahın razı qaldığı adam ondan qaçar, Ancaq günahkar adam ona əsir olar». |
27. | Vaiz deyir: «Bax bunu öyrəndim: Hər şeyin əsasını tapmaq üçün Bir-bir araşdıran zaman |
28. | Ürəyim hey axtarır, ancaq tapa bilmir. Min kişinin içində bir yaxşısını tapdım, Amma bu qədər qadının içində bir yaxşısını tapmadım. |
29. | Ancaq bunu öyrəndim ki, Allah insanları kamil yaratdı, Onlar isə qarışıq fikirlərə düşdü. |
← Ecclesiastes (7/12) → |