← Ecclesiastes (2/12) → |
1. | Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. |
2. | Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim. |
3. | Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir. |
4. | Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, |
5. | özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. |
6. | Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. |
7. | Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi. |
8. | Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım. |
9. | Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı. |
10. | Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim, Ürəyimi heç bir həzzdən məhrum etmədim, Könlüm etdiyim hər işdən zövq aldı. Bu çəkdiyim bütün zəhmətlərin payı idi. |
11. | Mən etdiyim bütün işlərə, Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım: Gördüm ki, hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. Səma altında bunların faydası yoxdur. |
12. | Sonra mən hikmət, dəlilik və ağılsızlığın Nə olduğuna dönüb baxdım. Bundan sonra padşah olan adam İndiyə qədər görülən işlərdən başqa Nə edə bilər ki? |
13. | Mən gördüm ki, Necə işıq qaranlıqdan üstündürsə, Hikmət də ağılsızlıqdan eləcə üstündür. |
14. | Hikmətli adamın gözləri yerindədir, Ağılsız adam isə qaranlıqda gəzir. Lakin mən yenə bilirəm ki, İkisinin də aqibəti eyni cür olur. |
15. | Mən ürəyimdə dedim: “Mənim də aqibətim ağılsız adamın Aqibəti kimi olacaq. Onda hikmətli olmağımın Nə faydası var?” Ona görə də ürəyimdə dedim: “Bu da puçdur”. |
16. | Çünki müdrik adam da Ağılsız adam kimi Bir daha xatırlanmayacaq, Gələcək dövrdə hamısı unudulacaq. Heyf ki hikmətli adam da Ağılsız adam kimi ölür! |
17. | Beləcə həyata nifrət etdim, Çünki səma altında edilən işlər Mənim üçün dərddir. Hər şey puçdur, Külək dalınca qaçmağa bənzər. |
18. | Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm. |
19. | Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur. |
20. | Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm. |
21. | Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. |
22. | İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? |
23. | Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur. |
24. | İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır. |
25. | Çünki Onsuz kim yeyə, kim kef çəkə bilər? |
26. | Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər. |
← Ecclesiastes (2/12) → |