← Ecclesiastes (12/12) |
1. | Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla. |
2. | Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl, Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl Onu xatırla. |
3. | O gün gələndə Evi qoruyanlar tir-tir əsəcək, Güclülər əyiləcək, Əl dəyirmanı ilə işləyənlər Az olduqları üçün Dən üyüdə bilməyəcək, Pəncərədən baxanlar qaralacaq. |
4. | Küçəyə açılan qapılar bağlanacaq, Dəyirmanların səsi kəsiləcək. Adamlar quş səsi ilə oyanacaq, Nəğmə oxuyan bütün qızların səsini Zəif eşidəcəklər. |
5. | O zaman onlar uca yerdən qorxacaq, Yolda yerimək də təhlükəli olur. Bax badam ağacı çiçək verir, Çəyirtkə özünü güclə çəkir, Həvəsi zəifləyir. Beləcə insan son mənzilə gedir, Yas tutanlar küçələrə düşür. |
6. | Gümüş iplər qopmamış, Qızıl kasa qırılmamış, Bulaq başında kuzə tikə-tikə olmamış, Quyu yanında çarx sınmamış, |
7. | Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla». |
8. | Vaiz deyir: «Hər şey puçdur, tamam puçdur». |
9. | Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi. |
10. | Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur. |
11. | Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir. |
12. | Bunlardan başqa, oğlum, sən buna diqqət et ki, Çox kitab yazmağın axırı yoxdur, Çox oxumaq adamı yorur. |
13. | Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur. |
14. | Çünki Allah hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək. |
← Ecclesiastes (12/12) |