← Ecclesiastes (10/12) → |
1. | Ölü milçəklər ətirdüzəldənin yağını İylədib xarab edər. Kiçik ağılsızlıq da Hikmət və hörmət sahibini rüsvay edər. |
2. | Hikmətli adamın ürəyi düzlüyə tərəf yönələr, Ağılsız adamın ürəyi əyriliyə. |
3. | O yol gedəndə də ağlının azlığı bilinər, Ağılsız olduğunu hamıya göstərər. |
4. | Əgər hakimin qəzəbi sənə qarşı alovlansa, Yerindən tərpənmə. Çünki sakitlik Böyük xətaların üstünü örtər. |
5. | Səma altında bir dərd də gördüm: O da hökmdarın əlindən çıxan səhvdir. |
6. | Ağılsızlar yüksək vəzifələrə qoyulur, Halbuki varlılar aşağıda oturur. |
7. | Gördüm ki, qullar necə at üstündə, Ağalar isə qul kimi piyada gedir. |
8. | Quyu qazan içinə özü düşə bilər, Divar sökəni ilan sanca bilər. |
9. | Daş kəsəni daşlar yaralar, Odun yarana odun xətər yetirər. |
10. | Əgər balta kütdürsə, Onun ağzı itilənməyə verilməyibsə, Daha çox güc sərf olunmalıdır. Amma hikmət insanın köməyinə çatar. |
11. | Əgər ilan ovsun oxunmazdan qabaq sancsa, Ovsunçu çağırmağın faydası yoxdur. |
12. | Hikmətli adamın ağzından lütfkar sözlər çıxar, Lakin ağılsız öz dili ilə həlakına yol açar. |
13. | Onun dilindəki sözlər ağılsızlıqla başlanar, Danışığının axırı da sarsaqlıqdır. |
14. | Ağılsız adam çox söz danışar. Heç kəs nə olacağını bilməz. Bəs kim ona özündən sonra Nə olacağını deyə bilər? |
15. | Ağılsızların çəkdikləri zəhmət Özlərini yorar, Onlar şəhərə gedən yolu da bilmir. |
16. | Əgər padşahın bir uşaqdırsa, Başçıların səhər tezdən Ziyafətə başlayırsa, Onda vay halına, ey ölkə! |
17. | Əgər padşahın bir əsilzadədirsə, Başçıların da vaxtında Keflənmək üçün yox, qüvvətlənmək üçün yeyirsə, Onda xoş halına, ey ölkə! |
18. | Tənbəllik üzündən evin damı uçar, Heç bir iş görməsən, evin tavanı damar. |
19. | Yemək şadlıq gətirər, Şərab həyatı keflə doldurar, Pul isə hər istəyini ödəyər. |
20. | Padşahı hətta ürəyində də söymə, Varlı adamı yataq otağında da lənətləmə. Çünki göydə uçan quşlar xəbər aparar, Qanadlı məxluqlar sənin sözünü çatdırar. |
← Ecclesiastes (10/12) → |