← Deuteronomy (9/34) → |
1. | Ey İsraillilər, qulaq asın! Bu gün sizdən daha böyük, daha qüdrətli millətlərin torpaqlarını irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Onların şəhərləri böyük, hasarları göylərə çatır. |
2. | Bu güclü, ucaboy xalq Anaqlılardır. Onları tanıyırsınız və barələrində belə eşitmisiniz: “Anaqlıların qarşısında kim dayana bilər?” |
3. | Bu gün də bilin ki, sizin önünüzdə gedən Allahınız Rəbb hər şeyi yandırıb-yaxan alovdur. Rəbb onları qıracaq, qarşınızda boyun əydirəcək və sizə söylədiyi kimi onları qovub tezliklə yox edəcəksiniz. |
4. | Allahınız Rəbb onları önünüzdən kənara atanda ürəyinizdə deməyin ki, bu torpağı almaq üçün Rəbb bizi buraya salehliyimizə görə gətirdi. Belə ki Rəbb bu millətləri pis əməllərinə görə önünüzdən qovur. |
5. | Torpaqlarına girib irs olaraq oranı almağınız sizin salehliyinizə və ürəyinizin düzlüyünə görə deyil. Ancaq Allahınız Rəbb bu millətləri pis əməllərinə görə sizin qarşınızdan qovacaq ki, ata-babalarınız İbrahimə, İshaqa, Yaquba verdiyi vədi yerinə yetirsin. |
6. | Bilin ki, Allahınız Rəbb salehliyinizə görə bu gözəl torpağı mülk olaraq almaq üçün sizə vermir, çünki siz dikbaş bir xalqsınız. |
7. | Bunu yada salın və Allahınız Rəbbi səhrada necə qəzəbləndirdiyinizi unutmayın. Misir torpağından çıxdığınız gündən bu yerə gələnədək Rəbbə qarşı nə qədər itaətsizlik etdiniz. |
8. | Rəbbi Xorevdə qəzəbləndirdiniz. Rəbb sizi məhv edəcək qədər hiddətləndi. |
9. | Mən Rəbbin sizinlə etdiyi əhdin lövhələri olan daş lövhələri götürmək üçün dağa çıxanda orada qırx gün-qırx gecə qaldım: nə çörək yedim, nə də su içdim. |
10. | Rəbb Allah mənə Öz barmağı ilə yazdığı iki daş lövhə verdi. Yığıldığınız gün dağda Rəbbin sizə alovun içindən bildirdiyi bütün əmrlər onların üzərində yazılmışdı. |
11. | Rəbb iki daş lövhəni – əhd lövhələrini qırx gün-qırx gecənin sonunda mənə verdi. |
12. | Sonra Rəbb dedi: “Tez ol, dağdan en, çünki Misirdən çıxardığın xalq əxlaqsızlıq edir. Onlar buyurduğum yoldan yaman tez azdılar. Özlərinə tökmə büt yaradıblar”. |
13. | Rəbb mənə bunu da söylədi: “Görürəm ki, bu xalq dikbaş xalqdır. |
14. | Qoy onları yox edim. Adlarını səma altından silim. Səndən isə onlardan daha güclü, daha böyük millət törədim”. |
15. | Mən dönərək dağdan aşağı endim. Dağ alovlanıb yanırdı. Əhdin yazıldığı iki lövhə əlimdə idi. |
16. | Gördüm ki, Allahınız Rəbbə qarşı günah edirsiniz. Özünüz üçün danayabənzər bir tökmə büt düzəltmisiniz və Rəbbin sizə buyurduğu yoldan yaman tez azmısınız. |
17. | Buna görə də əlimdə tutduğum iki lövhəni atdım və gözünüz önündə onları parça-parça etdim. |
18. | Yenə Rəbbin hüzurunda heç nə yeyib-içmədən qırx gün-qırx gecə yerə sərilib qaldım, çünki günah etmişdiniz və Rəbbin gözündə pis sayılan işlər görərək Onu qəzəbləndirmişdiniz. |
19. | Rəbbin qızğın qəzəbi qarşısında qorxdum. Qəzəbi o qədər alovlanmışdı ki, O sizi yox etmək istəyirdi. Amma Rəbb yenə də yalvarışımı eşitdi. |
20. | Rəbb Haruna da hiddətlənmişdi. Onu da yox etmək istəyirdi. O an Harun üçün də yalvardım. |
21. | Etdiyiniz günah əşyasını – o danayabənzər tökmə bütü götürüb oda atdım və sındırdım, əzib toza döndərdim. Sonra tozu dağdan axan selə tökdüm. |
22. | Siz Taverada, Massada, Qivrot-Hattaavada da Rəbbi qəzəbləndirdiniz. |
23. | Rəbb sizi Qadeş-Barneadan yola salarkən belə buyurmuşdu: “Gedin, sizə verəcəyim torpağı özünüz üçün irs olaraq alın”. Siz isə Allahınız Rəbbin əmrinə qarşı çıxdınız, Rəbbə güvənmədiniz, sözünə qulaq asmadınız. |
24. | Sizi tanıyan gündən bu vaxta qədər dayanmadan Rəbbə qarşı üsyankar oldunuz. |
25. | Rəbb sizi yox edəcəyini söylədiyi üçün qırx gün-qırx gecə Onun hüzurunda yerə döşənib qaldım. |
26. | Rəbbə yalvarıb dedim: “Ya Xudavənd Rəbb, Misirdən böyük qüvvətinlə, qüdrətli əlinlə çıxararaq qurtardığın xalqını, Öz irsini yox etmə. |
27. | Qulların İbrahimi, İshaqı, Yaqubu yada sal. Bu xalqın dikbaşlığına, pisliyinə, günahına nəzər salma. |
28. | Yoxsa bizi çıxartdığın ölkənin xalqı deyəcək ki, Rəbb onları vəd etdiyi torpağa apara bilmədi və bu xalqa nifrət etdiyi üçün onları səhrada məhv etmək məqsədi ilə Misirdən çıxartdı. |
29. | Halbuki onlar Sənin xalqın, Sənin irsindir. Sən onları böyük qüdrətinlə, uzanan qolunla oradan çıxartmısan”. |
← Deuteronomy (9/34) → |