← Deuteronomy (7/34) → |
1. | Allahınız Rəbb sizi gedəcəyiniz torpağa aparır. Siz oranı mülk olaraq alacaqsınız. O sizin önünüzdən bir çox milləti – Xetliləri, Qirqaşlıları, Emorluları, Kənanlıları, Perizliləri, Xivliləri, Yevusluları – sizdən xeyli çox, xeyli qüvvətli yeddi milləti qovacaq. |
2. | Allahınız Rəbb onları sizə təslim edəcək. Siz onları məğlub edərək tamamilə məhv edin. Onlarla əhd bağlamayın və rəhm etməyin. |
3. | Onlarla qohum olmayın, oğullarına qız verib, oğullarınıza onlardan qız almayın. |
4. | Çünki onlar övladlarınızı Mənim ardımca getməkdən döndərib, başqa allahlara qulluq etdirəcəklər. Onda Rəbbin sizə qarşı qəzəbi alovlanacaq və tezliklə sizi yox edəcək. |
5. | Onlarla belə rəftar edin: qurbangahlarını dağıdıb daş sütunlarını sındırın, ilahə Aşera bütlərini baltalayıb oyma bütlərini odda yandırın. |
6. | Çünki siz Allahınız Rəbbin müqəddəs xalqısınız. O sizi yer üzündəki bütün xalqlar içərisindən Özünə məxsus xalq olaraq seçdi. |
7. | Rəbbin sizi sevməsi, seçməsi o biri xalqlardan daha çox olduğunuz üçün deyil. Həqiqətən, siz onlardan azsınız. |
8. | Rəbb sizi sevdiyi və atalarınıza verdiyi vədi yerinə yetirmək istədiyi üçün qüdrətli əli ilə sizi Misirdən çıxartdı. O sizi köləlik diyarından, Misir padşahı firondan satın aldı. |
9. | Bilin ki, Allahınız Rəbb əsl Allahdır. O, vəfalı Allahdır. Əhdinə sadiq qalıb Onu sevənlərin, əmrlərini yerinə yetirənlərin minlərlə nəslinə məhəbbətini göstərər. |
10. | Ona nifrət edənləri isə qisas alaraq məhv edəcək. Onlardan qisasını almağa gecikməyəcək, bunu mütləq edəcək. |
11. | Ona görə sizə bu gün buyurduğum əmrləri, qaydaları və hökmləri diqqətlə yerinə yetirin. |
12. | Əgər bu əmrlərə qulaq asıb diqqətlə əməl edəcəksinizsə, Allahınız Rəbb ata-babalarınıza etdiyi anda sadiq qalıb məhəbbətini göstərəcək. |
13. | O sizi sevəcək, bərəkətli edib çoxaldacaq. Sizə vermək üçün atalarınıza and etdiyi torpaqda, bətninizdən doğulanlarınızı, torpağınızın bəhrəsini, buğdanızı, təzə şərabınızı, zeytun yağınızı, mal-qaranızın və qoyun-keçilərinizin balalarını bərəkətli edəcək. |
14. | O biri xalqlardan daha çox siz xeyir-dua alacaqsınız. Heç bir kişi və qadınınız sonsuz, heç bir heyvanınız qısır olmayacaq. |
15. | Rəbb üzərinizdən bütün xəstəlikləri götürəcək. Sizi Misirdə gördüyünüz dəhşətli xəstəliklərin heç birinə məruz qoymayacaq. Bu bəlalara sizə nifrət edənləri düçar edəcək. |
16. | Allahınız Rəbbin sizə təslim edəcəyi bütün xalqların axırına çıxacaqsınız. Onlara rəhm etməyin, allahlarına sitayiş etməyin. Əgər belə etsəniz, bu sizə tələ olar. |
17. | Bəlkə düşünürsünüz ki, bu millətlər bizdən güclüdür, onları necə qova bilərik? |
18. | Onlardan qorxmayın. Allahınız Rəbbin firona və bütün Misirlilərə nə etdiyini xatırlayın. |
19. | Gözünüzlə gördüyünüz böyük sınaqları, sizi Misirdən çıxaran zaman Allahınız Rəbbin göstərdiyi əlamətləri, möcüzələri, qüdrətli əlini, uzanan qolunu xatırlayın. Hazırda qorxduğunuz xalqların hamısını Allahınız Rəbb bu hala salacaq. |
20. | Yerdə qalıb sizdən gizlənənlərin üzərinə də Allahınız Rəbb eşşəkarısı göndərib hamısını yox edəcək. |
21. | Onlardan heç qorxmayın, çünki aranızda olan Allahınız Rəbb böyük və zəhmli Allahdır. |
22. | Allahınız Rəbb yavaş-yavaş o millətləri qarşınızdan qovacaq. Onları tezliklə məhv edə bilməyəcəksiniz, yoxsa çöl heyvanları üstünüzə daraşar. |
23. | Allahınız Rəbb onları sizə təslim edəcək və vahiməyə salaraq, nəhayət, yox edəcək. |
24. | Onların padşahlarını da sizə təslim edəcək. Siz də onların adlarını səma altından siləcəksiniz. Siz onları qırarkən kimsə qarşınızı ala bilməyəcək. |
25. | Onların allah saydıqları oyma bütlərə od vurub yandırın. Onlara çəkilmiş qızıl-gümüşə gözünüz düşməsin. Özünüz üçün onlardan götürməyin, yoxsa tələyə düşərsiniz, çünki onlar Allahınız Rəbbin gözündə iyrəncdir. |
26. | Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub. |
← Deuteronomy (7/34) → |