← Deuteronomy (34/34) |
1. | Musa Moav düzənliyindən Nevo dağına gedib Yerixo qarşısında olan Pisqa təpəsinə çıxdı. Rəbb ona bütün ölkəni göstərdi. Dana qədər uzanan Gileadı, |
2. | bütün Naftalini, Efrayim və Menaşşe torpaqlarını, Qərb dənizinə qədər uzanan bütün Yəhuda torpağını, |
3. | Negevi, Xurmalar şəhəri Yerixo vadisinin Soara qədər uzanan hövzəsini göstərdi. |
4. | Sonra Rəbb ona dedi: «İbrahimə, İshaqa və Yaquba vəd etdiyim torpaq budur, oranı sizin övladlarınıza verəcəyəm. Mən izin verdim ki, oranı öz gözlərinlə görəsən. Lakin oraya girməyəcəksən». |
5. | Rəbbin sözünə görə qulu Musa elə orada – Moav torpağında öldü. |
6. | Rəbb onu Moav torpağında olan Bet-Peor qarşısındakı dərədə dəfn etdi. Bu günə qədər heç kim onun qəbrinin yerini bilmir. |
7. | Musa öləndə yüz iyirmi yaşında idi. Gözü nurdan düşməmiş, taqəti çəkilməmişdi. |
8. | İsrail övladları Musa üçün Moav düzənliyində otuz gün matəm və yas tutdular. Musa üçün olan ağlaşma və yas günləri qurtardı. |
9. | Nun oğlu Yeşua hikmət ruhu ilə dolmuşdu, çünki Musa onun üzərinə əllərini qoymuşdu. İsrail övladları da ona qulaq asdılar və Rəbbin Musaya əmr etdiyi hər şeyə əməl etdilər. |
10. | İsraildə Musa kimi Rəbbin üz-üzə görüşdüyü bir peyğəmbər bir daha çıxmadı. |
11. | Rəbb onu göndərmişdi ki, Misir torpağında firona, onun bütün əyanlarına, ölkəsinə çoxlu əlamətlər və möcüzələr göstərsin. |
12. | Musanın əməlləri İsraillilərin gözləri önündə böyük və zəhmli idi. |
← Deuteronomy (34/34) |