← Deuteronomy (33/34) → |
1. | Allah adamı Musa ölümündən əvvəl İsrail övladlarına bu xeyir-duanı oxudu. |
2. | O belə dedi: «Rəbb Sina dağından gəldi, Bizə Seirdən zühur etdi, Paran dağından şəfəq saçdı, On minlərlə müqəddəs mələklər ilə gəldi. Sağ əlində yanar alov var idi. |
3. | Ya Rəbb, həqiqətən, Sən xalqları sevirsən! Bütün müqəddəslər Sənin əlindədir! Onlar ayağına düşər, sözlərini dinlər. |
4. | Musa bizə qanuna əməl etməyi tapşırdı, Bu, Yaqubun camaatı üçün bir irsdir. |
5. | İsrail qəbilələri, Xalqın rəhbərləri bir yerə yığılanda Rəbb Yeşuruna padşah oldu. |
6. | Qoy Ruven ölməsin, yaşasın! Xalqının sayı azalmasın!» |
7. | Musa Yəhuda üçün belə dedi: «Ya Rəbb, Yəhudanın səsini eşit, Onu xalqına geri qaytar. O özü üçün öz əlləri ilə döyüşdü, Düşmənlərinə görə ona kömək et!» |
8. | Levi üçün belə dedi: «Ya Rəbb, Tummimin və Urimin Sənin sadiq qulun üçündür. Onu Massada sınaqdan keçirdin, Onunla Meriva sularında mübahisə etdin. |
9. | O, ata-anası üçün dedi: “Onlara nəzər salmadım”. Qardaşlarını tanımadı, Övladlarını unutdu, Ancaq Sənin sözünə riayət etdi, Sənin əhdini hifz etdi. |
10. | Hökmlərini Yaqub nəslinə, Qanununu İsraillilərə öyrədəcəklər. Onlar hüzurunda buxuru, Qurbangahında bütöv yandırma qurbanını təqdim edəcək. |
11. | Ya Rəbb, onların malına bərəkət ver, Əməllərindən razı qal. Kim onlara hücum etsə, Kim onlara nifrət etsə, Belini qır, Bir daha qalxmasınlar!» |
12. | Binyamin üçün belə dedi: «Rəbbin sevimlisi Onun yanında əmin-amanlıqda yaşasın! Rəbb gün boyu onu qoruyur, O da Rəbbin qucağında qalır». |
13. | Yusif üçün belə dedi: «Onun torpağı Rəbdən bərəkət alsın, Göydən gələn qiymətli şehlə, Yer altında yatan dərin sularla, |
14. | Günəşin yetişdirdiyi ən gözəl barlarla, Hər ay yetişən ən gözəl bəhərlərlə, |
15. | Qədimdən qalan dağların əla nemətləri ilə, Əbədi təpələrin münbitliyi ilə, |
16. | Yerin ən qiymətli məhsulu və bolluğu ilə Kol da məskən Salanın lütfü ilə Qoy bərəkət alsın! Yusifin başı üzərinə – Qardaşlarından ayrı düşənin başı üzərinə Qoy bərəkət yağsın! |
17. | O, birinci doğulan buğa qədər heybətlidir, Buynuzları çöl öküzünün buynuzlarına bənzəyir. Bu buynuzlarla xalqları, Yer üzünün qurtaracağınadək hər yerdə olanları vuracaq. Bax belədir Efrayimin on minləri, Bax budur Menaşşenin minləri». |
18. | Zevulun üçün belə dedi: «Ey Zevulun, yola düşəndə sevin, Ey İssakar, çadırlarında sevin! |
19. | Onlar xalqları dağa çağıracaqlar, Orada salehlik qurbanları kəsəcəklər. Bol dəniz nemətləri ilə, Qumlarda gizlənən xəzinələrlə doyacaqlar». |
20. | Qad üçün belə dedi: «Qadın ərazisini artırana şükür olsun! Qad aslan tək yaşayır, Qolu, başı qoparır. |
21. | O özü üçün ilk torpağı seçdi. Çünki onun üçün sərdarın payı saxlanıldı. Xalq rəhbərləri yığılanda Rəbbin ədalətini, İsraillilərə gətirdiyi hökmləri icra etdi». |
22. | Dan üçün belə dedi: «Dan Başandan sıçrayan Bala aslandır». |
23. | Naftali üçün belə dedi: «Ey Rəbbin lütfü və bərəkəti ilə dolu olan Naftali, Qərbi və cənubu mülk edəcəksən». |
24. | Aşer üçün belə dedi: «Oğullar arasında Aşer ən çox bərəkət alsın! Qardaşlarının ən çox bəyəndiyi o olsun! Ayağını zeytun yağına batırsın. |
25. | Darvazalarının cəftələri dəmirdən, tuncdan olsun, Qüvvətin ömrün boyu qurtarmasın! |
26. | Ey Yeşurun, bax sənə kömək etmək üçün Göylər və buludlara əzəməti ilə minən Allahın bənzəri yoxdur. |
27. | Pənahgahın əzəli əbədi Allahdır, Səni daim qollarında gəzdirər. Düşmənlərini qarşından qovar, “Yox et onları!” sənə deyər. |
28. | İsrail əmin-amanlıqda yaşayır. Taxıl və təzə şərab torpağında Yaqubun çeşməsi sakit qalır, Oraya göylərdən şeh damır. |
29. | Ey İsrail! Nə bəxtiyarsan, Sənin kimisi varmı? Rəbbin qurtardığı xalqsan! Rəbb sipərdir, köməyinə çatandır, Əzəmətli qılıncındır. Sənə düşmənlər yaltaqlanır, Sən onların yuxarı yerlərini tapdalayırsan». |
← Deuteronomy (33/34) → |