← Deuteronomy (27/34) → |
1. | Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin. |
2. | İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin. |
3. | Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın. |
4. | Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin. |
5. | Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin. |
6. | Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin. |
7. | Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin. |
8. | Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın». |
9. | Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz. |
10. | Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin». |
11. | O gün Musa xalqa belə dedi: |
12. | «İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin. |
13. | Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali. |
14. | Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin: |
15. | “Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!” Bütün xalq cavab versin: “Amin!” |
16. | “Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
17. | “Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
18. | “Qoy kor olanı yoldan azdırana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
19. | “Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
20. | “Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”. Bütün xalq desin: “Amin!” |
21. | “Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
22. | “Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
23. | “Qoy qayınanası ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
24. | “Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
25. | “Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!” Bütün xalq desin: “Amin!” |
26. | “Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!” Bütün xalq desin: “Amin!” |
← Deuteronomy (27/34) → |