← Deuteronomy (24/34) → |
1. | Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa, |
2. | evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər. |
3. | O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə, |
4. | onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin. |
5. | Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin. |
6. | Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur. |
7. | Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın. |
8. | Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin. |
9. | Misirdən çıxan zaman Allahınız Rəbbin yolda Məryəmə etdiyi hər şeyi xatırlayın. |
10. | Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin. |
11. | Bayırda dayanın, borc verdiyiniz adam qoy özü girovu bayıra çıxarsın. |
12. | Əgər o adam kasıbdırsa, onun girovu sizdə ola-ola yatmayın. |
13. | Girov götürdüyünüzün üst paltarını mütləq gün batanda geri qaytarın ki, o öz üst paltarında yatıb sizə xeyir-dua etsin və bu, Allahınız Rəbbin önündə sizin üçün salehlik sayılsın. |
14. | Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin. |
15. | Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb. Yoxsa sizdən Rəbbə fəryad edər və siz günahkar sayılarsınız. |
16. | Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün. |
17. | Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin. |
18. | Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm. |
19. | Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək. |
20. | Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun. |
21. | Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalanı başaq etmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun. |
22. | Misir torpağında kölə olduğunuzu xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm. |
← Deuteronomy (24/34) → |