← Deuteronomy (22/34) → |
1. | Soydaşının itmiş öküz və ya qoyununu görsən, özünü görməməzliyə vurma. Mütləq öküzü və ya qoyunu soydaşına geri qaytarmalısan. |
2. | Soydaşın səndən uzaqdadırsa ya da heyvanın kimə aid olduğunu bilmirsənsə, onu öz evinə apar. Soydaşın onu axtara-axtara sizə gələnədək qoy bu heyvan evində qalsın. Sonra onu geri qaytar. |
3. | Soydaşının eşşəyini, paltarını yaxud itirdiyi başqa şeyləri tapanda da bu cür etməlisən. Özünü görməməzliyə vurma. |
4. | Görəndə ki soydaşının eşşəyi yaxud öküzü yolda yıxılıb, özünü görməməzliyə vurma. Mütləq heyvanı ayağa qaldırmaq üçün soydaşına kömək et. |
5. | Qadın kişi paltarı, kişi də qadın paltarı geyinməsin, çünki belə şeyləri edən hər kəs Allahınız Rəbbə iyrənc görünür. |
6. | Əgər təsadüfən yolda, ağacda yaxud torpaq üzərində bir quş yuvası görsən və ana quş balalarının ya da yumurtalarının üzərində oturmuşsa, ana quşu balaları ilə birlikdə götürmə. |
7. | Özün üçün balalarını götürə bilərsən, amma mütləq anasını buraxmalısan. Belə etsən, güzəranın xoş, ömrün uzun olar. |
8. | Yeni tikdiyin evin damının kənarına sürahi çək ki, kimsə damından yıxılıb ölsə, qanı evinin üstünə düşməsin. |
9. | Bağında iki növ toxumu qarışdırıb əkmə. Belə etsən, əkdiyin toxumun da, bağın da məhsulundan istifadə etmək sənə qadağandır. |
10. | Kotan sürmək üçün eşşəklə öküzü yanaşı qoşma. |
11. | Yunla kətandan toxunmuş qarışıq parçadan paltar geyinmə. |
12. | Əbanın dörd tərəfinə qotaz sal. |
13. | Əgər bir nəfər arvad alıb yaxınlıq edəndən sonra onu bəyənməzsə, |
14. | ona şər ataraq adını ləkələyib “bu qızı aldım, onunla yaxınlıq edəndən sonra gördüm ki, bakirə deyil” deyərsə, |
15. | onda ata-anası qızın “üzağlıq mələfəsini” darvazaya – şəhər ağsaqqallarının yanına gətirsin. |
16. | Qızın atası şəhər ağsaqqallarına belə desin: “Bu adama qızımı arvad olaraq verdim. İndi qızımı bəyənmir. |
17. | ‹Gördüm ki, sənin qızın bakirə deyil› deyərək mənim qızımın adını ləkələyir. Bu isə qızımın ‹üzağlıq mələfəsidir›”. Mələfə şəhərin ağsaqqallarının qarşısına sərilsin. |
18. | Şəhərin ağsaqqalları isə o adama cəza versin. |
19. | Onu yüz şekel gümüş pul cəzasına məhkum edib gənc qadının atasına versinlər, çünki o adam İsraildə bir qızın adını ləkələyib. Bu qadın həmin adamın arvadı olacaq və ömrü boyu onu boşaya bilməz. |
20. | Əgər iddia doğrudursa, gənc qadının üzağlığı tapılmazsa, |
21. | onda gənc qadını ata evinin qapısına çıxarsınlar. Şəhər sakinləri onu daşqalaq edib öldürsünlər, çünki ata evində zina etməklə İsraildə namussuzluq edib. Beləliklə, aranızdan pisliyi atın. |
22. | Kim başqasının arvadı ilə yataqda tutulsa, o zaman o kişi və qadın – hər ikisi öldürülsün. Beləliklə, İsraildən pisliyi atın. |
23. | Əgər bir qız kiməsə nişanlıdırsa, şəhərdə kimsə onu tapıb cinsi yaxınlıq etsə, |
24. | o zaman onların ikisini də o şəhərin darvazasına çıxararaq daşqalaq edib öldürün. Şəhərdə olduğu halda qışqırmadığı üçün qızı, yaxınının nişanlısını ləyaqətsiz etdiyi üçün kişini öldürün. Beləliklə, İsraildən pisliyi atın. |
25. | Əgər bir kişi nişanlı qıza çöldə rast gəlsə, onu zorlasa, onunla cinsi yaxınlıq etsə, o zaman yalnız onunla cinsi yaxınlıq edən kişi öldürülsün. |
26. | Gənc qadına heç nə etməyin, çünki onda ölümə layiq günah yoxdur. Ona görə ki bir adam qonşusuna necə hücum edib öldürərsə, bu iş də elədir. |
27. | Çünki kişi qıza çöldə rast gəlib. Nişanlı qız nə qədər qışqırsa da, köməyinə çatan olmayıb. |
28. | Əgər kimsə nişanlanmamış bakirə bir qıza rast gəlib onu zorlayarsa və onlar tapılarsa, |
29. | o zaman onunla cinsi yaxınlıq edən adam qızın atasına əlli şekel gümüş versin və həmin qız onun arvadı olsun, çünki onu zəlil etmişdir. O, qadını ömrü boyu boşaya bilməz. |
30. | Kimsə atasının arvadını almasın və atasının nikahını ləkələməsin. |
← Deuteronomy (22/34) → |