← Deuteronomy (2/34) → |
1. | Rəbbin mənə əmr etdiyi kimi qayıdıb Qırmızı dəniz yolu ilə səhraya köç etdik. Xeyli vaxt Seir dağlıq bölgəsini gəzib dolaşandan sonra |
2. | Rəbb mənə belə dedi: |
3. | “Bu dağlıq bölgəsini gəzib dolaşmağınız kifayətdir, indi şimala dönün. |
4. | Xalqa belə əmr et: ‹Seirdə yaşayan qohumlarınız Esav övladlarının torpağından keçəcəksiniz. Onlar sizdən qorxacaqlar, buna görə çox diqqətli olun. |
5. | Onlarla münaqişə yaratmayın, çünki torpaqlarından bir qarış da sizə verməyəcəyəm. Ona görə ki Mən mülk olaraq Seir dağlıq bölgəsini Esav nəslinə vermişəm. |
6. | Onlardan yeməyi də, suyu da pulla alın, yeyib-içməyiniz qoy belə olsun›”. |
7. | Çünki Allahınız Rəbb əlinizdə olan hər işə xeyir-dua verib. Belə böyük səhrada gəzib-dolaşdığınız zaman O sizi qorumuşdu. Bu qırx il ərzində sizinlə olan Allahınız Rəbbin sayəsində heç nəyə ehtiyacınız olmayıb. |
8. | Biz Seir dağında yaşayan qohumlarımız Esav övladlarının torpağından, Elat və Esyon-Geverdən Arava yolundan burularaq Moav səhrası yolundan keçdik. |
9. | Rəbb mənə dedi: “Moavlıları incitmə və onlarla döyüşə girmə. Mən onların torpağından mülk olaraq sizə heç nə verməyəcəyəm, çünki Ar ölkəsini mülk olaraq Lut övladlarına vermişəm”. |
10. | Orada əvvəl Emlilər, Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq yaşayırdı. |
11. | Onlar da Anaqlılar kimi Rafalılar sayılırdı, lakin Moavlılar onları Emlilər adlandırırdılar. |
12. | Seirdə isə əvvəllər Xorlular yaşayırdı. Esav övladları onları qovdu, İsraillilərin Rəbbin mülk olaraq verdiyi torpağın əhalisinə etdiyi kimi qarşılarına çıxan Xorluları qırıb torpaqlarında məskən saldılar. |
13. | Rəbb sözünə davam etdi: “İndi qalxıb Zered vadisini keçin”. Biz Zered vadisini keçdik. |
14. | Qadeş-Barneadan köçdüyümüz vaxtdan Zered vadisini keçənədək otuz səkkiz il oldu. Rəbbin and içdiyi kimi düşərgədə olan o dövrdəki nəslin döyüşçülərindən heç biri sağ qalmamışdı. |
15. | Onları ordugahdan yox edib qurtaranadək Rəbbin əli onlara qarşı oldu. |
16. | Xalqın bütün döyüş adamları ölüb-qurtarandan sonra |
17. | Rəbb mənə belə dedi: |
18. | “Siz bu gün Moav torpağında yerləşən Ardan keçəcəksiniz. |
19. | Ammon övladlarına yaxınlaşanda onları incitməyin və münaqişə yaratmayın, çünki sizə Ammon övladlarının torpağından mülk olaraq heç nə verməyəcəyəm, ona görə ki oranı da Lut övladlarına vermişəm”. |
20. | Ora da Rafalıların torpağı sayılırdı, əvvəllər orada Rafalılar yaşayırdı. Ammonlular onları Zamzumlular adlandırırdılar. |
21. | Onlar da Anaqlılar kimi ucaboy, güclü və çoxsaylı bir xalq idi. Rəbb onları Ammonluların qarşısından yox etmişdi. Ammonlular onları qovub yerlərində məskən salmışdılar. |
22. | Rəbb Seirdə yaşayan Esav övladları üçün də həmin işi görərək Xorluları onların qarşısından yox etmişdi. Esav övladları Xorluları qıraraq yerlərində məskən saldılar və bu günə qədər orada yaşamaqdadırlar. |
23. | Kaftordan çıxan Kaftorlular isə Qəzzəyə qədər kəndlərdə yaşayan Avvalıları qırdılar və onların yerində məskən saldılar. |
24. | Rəbb dedi: “Qalxıb köç edin, Arnon vadisindən keçin. Bax Xeşbon padşahı Emorlu Sixonu və onun ölkəsini sizə təslim etdim. Özünüz üçün mülk olaraq oranı almağa başlayın. Onlarla döyüşə girin. |
25. | Bu gündən Mən səma altında olan bütün xalqları sizə görə qorxu və vahiməyə salmağa başlayıram. Sizin sorağınızı eşidənlər qarşınızda titrəyib büzüşəcəklər”. |
26. | Qedemot səhrasından Xeşbon padşahı Sixonun yanına sülh danışığı üçün qasidlər göndərdim və dedim: |
27. | “Rica edirik, sənin torpağından keçmək üçün bizə izin verəsən. Yalnız yol keçəcəyik, oradan nə sağa, nə də sola dönəcəyik. |
28. | Pulla bizə yemək satsanız, yeyəcəyik, su satsanız, içəcəyik. Bizə ölkəni piyada keçmək kifayətdir. |
29. | Seirdə yaşayan Esav övladları və Arda yaşayan Moavlılar etdiyi kimi sən də izin ver ki, İordan çayından Allahımız Rəbbin bizə verdiyi torpağa keçək”. |
30. | Lakin Xeşbon padşahı Sixon bizi torpağından keçməyə qoymadı. Çünki bugünkü kimi Allahınız Rəbb sizə təslim etmək üçün onu inadkar və daşürəkli etdi. |
31. | Rəbb mənə dedi: “Bax Sixonu və ölkəsini sənə təslim etməyə başlayıram. Oranı fəth edib irs olaraq almağa başla”. |
32. | Sixon özü və bütün ordusu döyüşmək üçün Yahsada bizim qarşımıza çıxdı. |
33. | Allahımız Rəbb onu bizə təslim etdi. Biz də Sixonu, övladlarını və bütün ordusunu qırdıq. |
34. | O vaxt onun bütün şəhərlərini aldıq. Hər bir şəhəri kişi, qadın və uşaqlarla birlikdə tamamilə məhv etdik: kimsəni sağ qoymadıq. |
35. | Heyvanlarını götürüb aldığımız şəhərləri talan etdik. |
36. | Arnon vadisinin kənarında Aroerdən və vadidə olan şəhərdən Gileadadək qarşımıza bizdən güclü bir şəhər çıxmadı. Allahımız Rəbb onların hamısını bizə təslim etdi. |
37. | Lakin Ammonluların ölkəsinə, bütün Yabboq çayı kənarına və dağlıq bölgəsindəki şəhərlərə – Allahımız Rəbbin qadağan etdiyi heç yerə yaxınlaşmadıq. |
← Deuteronomy (2/34) → |