← Deuteronomy (11/34) → |
1. | Allahınız Rəbbi sevin. Həmişə Onun buyruq, qayda, hökm və əmrlərinə əməl edin. |
2. | Bu gün yadda saxlayın ki, Allahınız Rəbbin təlimini öyrənib sınaqdan keçirən övladlarınız deyil, sizsiniz. Onun əzəmətini, qüdrətli əlini, uzanan qolunu, |
3. | Misirdə firona və bütün torpağına etdiyi əlamətləri, gördüyü işləri, |
4. | Misir ordusuna, onların atlarına, döyüş arabalarına nə etdiyini, ardınızca düşərkən onları Qırmızı dənizin sularında necə qərq etdiyini, Rəbbin onları bu günədək davam edən bir qırğına necə düçar etdiyini |
5. | və səhrada, bu yerə çatanadək sizin üçün nə etdiyini, |
6. | Ruvenli Eliavın oğullarına – Datana və Avirama nə etdiyini gördünüz: bütün İsraillilərin arasında yeri yardı, onları və evindəkiləri çadırları ilə bərabər onlara məxsus olan bütün canlıları uddu. |
7. | Siz Rəbbin etdiyi bu əzəmətli işlərin hamısını öz gözlərinizlə görürsünüz. |
8. | Bu gün sizə buyurduğum əmrlərin hamısına əməl edin ki, qüvvətli olasınız və mülk olaraq almaq üçün İordan çayını keçəcəyiniz torpağa girib oranı zəbt edəsiniz. |
9. | Rəbbin atalarınıza və onların övladlarına vəd etdiyi südlə bal axan torpaqda uzun ömür sürəsiniz. |
10. | Çünki mülk olaraq almaq üçün girəcəyiniz torpaq çıxmış olduğunuz Misir ölkəsinə bənzəmir. Orada toxumunuzu əkirdiniz, bostan kimi ayağınızla sulayırdınız. |
11. | Amma mülk olaraq almağa gedəcəyiniz torpaq dağlı-dərəli bir diyardır. Bu torpaq göydən yağış suyu içər. |
12. | Ora Allahınız Rəbbin lütf göstərdiyi elə bir torpaqdır ki, ilin əvvəlindən sonuna qədər Allahınız Rəbbin nəzəri altındadır. |
13. | Rəbb deyir: “Əgər bu gün sizə buyurduğum əmrlərə yaxşı qulaq assanız, Allahınız Rəbbi sevib bütün qəlbinizlə, bütün varlığınızla ona sitayiş etsəniz, |
14. | o zaman Mən torpağınıza yağışı – ilk yağışla son yağışı vaxtlı-vaxtında verəcəyəm. Onda taxılınızı, təzə şərabınızı və zeytun yağınızı yığacaqsınız. |
15. | Çöldə heyvanlarınıza ot verəcəyəm. Siz doyunca yeyəcəksiniz”. |
16. | Onda məbada ürəyiniz aldansın, azmayın, başqa allahlara səcdə və sitayiş etməyin. |
17. | Belə etsəniz, Rəbbin sizə qarşı qəzəbi alovlanacaq. O, göyləri bağlayıb yağış yağdırmayacaq, torpağınızı məhsulsuz qoyacaq və tezliklə Rəbbin sizə verdiyi o gözəl torpaqdan yox olacaqsınız. |
18. | Buna görə də mənim bu sözlərimi ürəyinizdə və ağlınızda saxlayın, qolunuza bir nişan kimi, gözlərinizin arasına alın bağı kimi bağlayın, |
19. | övladlarınıza öyrədin. Evinizdə oturanda, yol gedəndə, yatanda, duranda bunlar barədə danışın. |
20. | Onları evlərinizin qapı çərçivələrinə, şəhərlərinizin darvazalarına yazın. |
21. | Belə etsəniz, Rəbbin atalarınıza vəd etdiyi torpaqlarda sizin də, övladlarınızın da ömrü uzun olar və göy yer üzərində durduqca orada yaşayarsınız. |
22. | Əməl etməniz üçün sizə buyurduğum bütün bu əmrləri diqqətlə yerinə yetirsəniz, Allahınız Rəbbi sevib Onun yolları ilə getsəniz və yalnız Ona bağlı qalsanız, |
23. | onda Rəbb qarşınızdan bütün millətləri qovacaq və sizdən daha böyük, daha güclü millətlərin torpaqlarını mülk olaraq alacaqsınız. |
24. | Ayaq basdığınız hər yer sizin olacaq. Sərhədiniz səhradan Livana, Fərat çayından Qərb dənizinə qədər uzanacaq. |
25. | Sizin qarşınızda heç kim dayana bilməyəcək. Allahınız Rəbb sizə vəd etdiyi kimi ayaq basacağınız hər yerə vahimə və qorxunuzu yayacaq. |
26. | Budur, bu gün qarşınıza xeyir-dua və lənəti qoyuram. |
27. | Allahınız Rəbbin əmrlərinə, bu gün sizə buyurduğum əmrlərə qulaq assanız, xeyir-dua alacaqsınız. |
28. | Əgər Allahınız Rəbbin əmrlərini dinləməsəniz, tanımadığınız başqa allahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan azsanız, lənətə düçar olacaqsınız. |
29. | Allahınız Rəbb mülk olaraq almaq üçün girəcəyiniz torpağa sizi aparanda Gerizim dağında xeyir-dua, Eval dağında isə lənət oxuyacaqsınız. |
30. | Bu iki dağ İordan çayının qarşı tayında, yolun şərqində – Aravada yaşayan Kənanlılar ölkəsində, Qilqal qarşısında, More palıdlarının yanındadır. |
31. | Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq almaq üçün İordan çayını keçmək ərəfəsindəsiniz. Oranı ələ keçirib yerləşəndə |
32. | bu gün önünüzə qoyacağım bütün qayda və hökmləri yerinə yetirmək üçün diqqətli olun. |
← Deuteronomy (11/34) → |