Deuteronomy (1/34) → |
1. | İordan çayının şərq tərəfində səhrada Paranla Tofel, Lavan, Xaserot və Di-Zahav arasında, Sufun qarşısında olan Arava vadisində Musanın bütün İsraillilərə söylədiyi sözlər bunlar idi: |
2. | Seir dağının yolu ilə getmək üçün Xorevdən Qadeş-Barneaya qədər on bir günlük yol var idi. |
3. | Misirdən çıxdıqlarının qırxıncı ilində, on birinci ayın birində Musa Rəbbin İsrail övladları üçün ona əmr etdiyi hər şeyi söylədi. |
4. | Musa Xeşbonda yaşayan Emorluların padşahı Sixonu və Aştarotda, Edreidə yaşayan Başan padşahı Oqu məğlub edəndən sonra bu nitqi söylədi. |
5. | İordan çayının şərq tərəfində yerləşən Moav torpağında Musa bu Qanunu izah etməyə başladı. |
6. | «Xorevdə olanda Allahımız Rəbb bizə belə dedi: “Bəsdir bu dağda yaşadığınız! |
7. | Qalxın buradan köçüb Emorluların dağlıq bölgəsinə, Arava vadisində, dağlarda, yamaclı-düzənlikli bölgədə, Negevdə və dəniz kənarında yaşayan bütün qonşu xalqların arasına, böyük Fərat çayına qədər uzanan Kənan torpağına və Livana gedin. |
8. | Sizin qarşınıza çıxardığım torpaq budur. Rəbbin atalarınıza – İbrahimə, İshaqa, Yaquba özləri üçün və özlərindən sonra gələn övladları üçün vəd etdiyi bu torpağa girərək oranı özünüzə mülk edin”. |
9. | O vaxt mən sizə belə dedim: “Təkbaşına sizin yükünüzü daşıya bilmərəm. |
10. | Allahınız Rəbb sizi çoxaltdı və budur, bu gün siz göydəki ulduzlar qədər çoxsunuz. |
11. | Qoy atalarınızın Allahı Rəbbin söylədiyi kimi olsun, sizə xeyir-dua verərək olduğunuzdan min qat artıq etsin. |
12. | Axı mən təkbaşına zəhmətinizə, əziyyətinizə və münaqişələrinizə necə tab gətirim? |
13. | Özünüz üçün hər qəbilədən müdrik, uzaqgörən və təcrübəli adamlar seçin. Mən onları sizə başçı təyin edəcəyəm”. |
14. | Siz də “sən deyən yaxşıdır” dediniz. |
15. | Mən qəbilələrinizin müdrik və təcrübəli ağsaqqallarından götürüb sizə minbaşı, yüzbaşı, əllibaşı, onbaşı və qəbilə məmurları təyin etdim. |
16. | O vaxt hakimlərinizə belə əmr etdim: “Aralarında münaqişəsi olan soydaşlarınızı dinləyin. Münaqişə istər İsrailli soydaşlarınız arasında, istərsə bir İsrailli ilə yadelli arasında olsun, hökm çıxararkən ədalətli olun. |
17. | Heç kimə tərəfkeşlik etmədən kiçiyi də böyük kimi dinləyərək hökm çıxarın. İnsan şəxsiyyətindən qorxmayın, hökm Allahındır. Sizin üçün çətin olan münaqişəli məsələləri isə mənim yanıma gətirin. Mən onlara qulaq asaram”. |
18. | O vaxt edəcəyiniz şeylərin hamısını sizə əmr etdim. |
19. | Sonra biz Xorevdən köçdük. Allahımız Rəbbin bizə əmr etdiyi kimi gördüyünüz böyük və qorxunc səhranı keçərək Emorluların dağlıq bölgəsinə tərəf köçüb Qadeş-Barneaya çatdıq. |
20. | Mən orada sizə dedim: “Allahınız Rəbbin bizə verdiyi Emorluların dağlıq bölgəsinə çatdınız. |
21. | Budur, Allahınız Rəbb torpağı sizə verdi. Atalarınızın Allahı Rəbbin sizə söylədiyi kimi qalxın, oranı mülk edin. Heç nədən qorxub çəkinməyin”. |
22. | O zaman hamınız yanıma gəlib dediniz: “Adamlar göndərək, qoy əvvəlcə torpağı onlar nəzərdən keçirsinlər. Qoy gedəcəyimiz yol və çatacağımız şəhərlər barədə bizə məlumat gətirsinlər”. |
23. | Bu fikir xoşuma gəldi. Hər qəbilədən bir nəfər olmaqla aranızdan on iki nəfər götürdüm. |
24. | Onlar dağlıq bölgəsinə qalxdılar. Eşkol vadisinə qədər gəlib oranı gözdən keçirdilər. |
25. | Bu torpağın məhsullarından əllərinə götürüb yanımıza qayıtdılar və belə məlumat verdilər: “Allahımız Rəbbin bizə vermək istədiyi münbit torpaqdır”. |
26. | Siz isə Allahımız Rəbbin əmrinə qarşı çıxaraq oraya qalxmaq istəmədiniz. |
27. | Öz çadırlarınızda deyindiniz: “Rəbb bizə nifrət edir. Bizi Misir ölkəsindən ona görə çıxartdı ki, Emorlulara təslim etsin və həlak etsin. |
28. | Axı biz hara gedirik? Soydaşlarımız ‹o xalq sayca bizdən çox və ucaboydur, böyük şəhərləri, göyə çatan hasarları var, Anaqlıları da orada gördük› deyə-deyə bizdə ürək qoymadılar”. |
29. | Onda mən sizə dedim: “Onlardan qorxub çəkinməyin. |
30. | Allahınız Rəbb qarşınızca gedir. Sizin üçün Özü döyüşəcək. Misirdə və səhrada gözünüz qarşısında sizin üçün etdiyi hər şeyi yenə də edəcəkdir. |
31. | İnsan öz balasını apardığı kimi səhradan bu yerə çatana qədər Allahınız Rəbbin də sizi elə apardığını gördünüz”. |
32. | Buna baxmayaraq, sizə düşərgə salmağa yer axtarmaq və gedəcəyiniz yolu göstərmək üçün gecə alovla, gündüz buludla |
33. | qarşınızca yol gedən Rəbbə etibar etmədiniz. |
34. | Rəbb bu danışığınızı eşidib qəzəbləndi və and içərək dedi: |
35. | “Atalarınıza vermək üçün and etdiyim bu gözəl torpağı Yefunne oğlu Kalevdən başqa bu iyrənc nəslin adamlarından heç biri görməyəcək. |
36. | Oranı Kalev görəcək. Tamamilə Rəbbin ardınca getdiyi üçün ayaq basdığı torpağı ona və övladlarına verəcəyəm”. |
37. | Sizin ucbatınızdan Rəbb mənə də qəzəbləndi və belə dedi: “Sən də oraya girməyəcəksən. |
38. | Oraya sənin köməkçin Nun oğlu Yeşua girəcək. Onu cəsarətləndir, çünki torpağı İsraillilərə irs olaraq o böləcək. |
39. | ‹Əsir olacaqlar› dediyiniz balalarınız, yaxşını pisdən hələ ayıra bilməyən uşaqlarınız oraya girəcəklər. Ölkəni onlara verəcəyəm, oranı onlar mülk olaraq alacaqlar. |
40. | Siz isə dönüb Qırmızı dəniz yolundan səhraya köçün”. |
41. | Sonra siz mənə belə cavab verdiniz: “Rəbbə qarşı günah etdik. Allahımız Rəbbin bizə etdiyi əmrə əsasən çıxıb döyüşəcəyik”. Hamınız dağlığa çıxmağın asan olduğunu düşünərək döyüş silahlarına sarıldınız. |
42. | Rəbb mənə dedi: “Onlara de ki, aralarında Mən yoxam. Döyüşə çıxmasınlar, yoxsa düşmənlərinə məğlub olarlar”. |
43. | Siz isə mənim sözümə qulaq asmadınız. Rəbbin əmrinə qarşı çıxaraq döyüşə çıxmağa cürət etdiniz. |
44. | Bu dağlıq bölgəsində yaşayan Emorlular müqavimət göstərərək sizi arı kimi qovdular və sizi Seirdən Xormaya qədər qırdılar. |
45. | Belə olanda qayıdıb Rəbbin hüzurunda ağladınız, lakin Rəbb səsinizi eşitmədi və sizə qulaq asmadı. |
46. | Uzun müddət yerinizdəcə – Qadeşdə qaldınız. |
Deuteronomy (1/34) → |