← Daniel (8/12) → |
1. | Əvvəl mənə gələn görüntüdən sonra padşah Belşassarın hökmranlığının üçüncü ilində mən Danielə başqa bir görüntü gəldi. |
2. | Görüntüdə özümü Elam vilayətinin Şuşan qalasında gördüm. Həmin görüntüdə mən Ulay kanalının kənarında dayanmışdım. |
3. | Başımı qaldırıb gördüm ki, kanalın kənarında bir qoç durub. Onun iki buynuzu var idi. Buynuzlarının hər ikisi uzun idi, biri digərindən uzun idi və uzun olan sonradan çıxdı. |
4. | Mən gördüm ki, bu qoç qərbə, şimala və cənuba tərəf buynuz vurur. Heç bir heyvan onun qabağında dura bilmirdi və onun əlindən qurtaran yox idi. O istədiyini etdi və özünü yüksəltdi. |
5. | Mən bu barədə düşünərkən qərbdən bir təkə gəldi. Onun gözləri arasında gözə çarpan bir buynuzu var idi. O, ayağı yerə toxunmadan bütün yer üzünü keçdi. |
6. | O, kanalın kənarında durduğunu gördüyüm iki buynuzu olan qoçun yanına gəldi və böyük qızğınlıqla onun üstünə atıldı. |
7. | Mən gördüm ki, o qeyzə gəlib qoça hücum etdi və qoçu vurub iki buynuzunu qırdı. Qoçda onun qabağında durmağa qüvvət yox idi. O, qoçu yerə yıxıb tapdaladı. Qoçu onun əlindən qurtaran olmadı. |
8. | Bir müddət təkə özünü çox yüksəltdi, ancaq qüvvətlənəndə böyük buynuzu qırıldı. Onun əvəzinə göylərin dörd səmtinə doğru yönəlmiş gözə çarpan dörd buynuz çıxdı. |
9. | Onların birindən başqa bir kiçik buynuz çıxıb cənuba, şərqə və Gözəl ölkəyə doğru çox uzandı. |
10. | Səma ordusuna qədər uzanıb bu ordunun və ulduzların bir hissəsini yerə salaraq tapdaladı. |
11. | Hətta bu ordunun Başçısına qədər özünü yüksəltdi. Onun daimi yandırma qurbanı dayandırıldı və Müqəddəs məkanı təhqir olundu. |
12. | Qanunsuzluq üzündən bu ordu və daimi yandırma qurbanı kiçik buynuza təslim edildi. O, həqiqəti yerə vurub etdiyi hər işdə uğur qazandı. |
13. | Mən bir müqəddəsin səsini eşitdim və başqa bir müqəddəs danışana sual verdi: «Daimi yandırma qurbanı və viranəlik gətirən qanunsuzluq barədəki görüntü nə vaxta qədər uzanır? Müqəddəs yerin və ordunun tapdalanmasına nə vaxta qədər icazə veriləcək?» |
14. | Sonra mənə dedi: «İki min üç yüz axşam və səhər keçənə qədər. Ondan sonra müqəddəs yer bərpa olunacaq». |
15. | Mən Daniel bu görüntünü görəndə onun mənasını öyrənmək istədim. Bu zaman qarşımda insan simasında olan bir nəfər dayandı. |
16. | Mən Ulay kanalından bir insan səsi eşitdim. O nida edib «ey Cəbrayıl, bu görüntünü ona izah et» dedi. |
17. | O dayandığım yerə yaxınlaşdı. Yanıma çatanda mən dəhşətə düşüb üzüstə yıxıldım. O mənə dedi: «Ey bəşər oğlu, bil ki, bu görüntü axır zamana aiddir». |
18. | O mənimlə danışdığı vaxt üzüstə yıxılıb dərin yuxuya getmişdim. O məni tutub ayaq üstə qaldırdı |
19. | və dedi: «Bax daha sonra Allahın qəzəb günlərində nə baş verəcəyini sənə bildirirəm, çünki görüntü axır zamanın müəyyən vaxtına aiddir. |
20. | Gördüyün iki buynuzlu qoç Midiya və Fars padşahlarıdır. |
21. | Tüklü təkə isə Yunan padşahıdır, onun gözləri arasında olan böyük buynuz isə birinci padşahdır. |
22. | Qırılan buynuzun yerinə çıxan dörd buynuz o millətdən çıxacaq dörd padşahlığı təmsil edir. Ancaq onlar birinci padşah qədər güclü olmayacaq. |
23. | Onların hakimiyyətinin sonunda isə qanunsuzlar azğınlıq edəndə həyasız və hiyləgərlikdə mahir bir padşah çıxacaq. |
24. | O çox güclənəcək, ancaq öz gücü ilə yox. Heyrətləndirici dağıntılar törədəcək, etdiyi hər işdə uğur qazanacaq, igid adamları və müqəddəs xalqı qıracaq. |
25. | Öz hiyləgərliyi ilə məkrli işlərində uğur qazanacaq və ürəyində özünə qürrələnəcək. Əmin-amanlıqda yaşayan çoxlu adamı həlak edəcək və başçılar Başçısına qarşı çıxacaq, ancaq əl dəymədən məhv olacaq. |
26. | Axşam və səhər barədə sənə göstərilən bu görüntü həqiqətdir. Ancaq sən bu görüntünü gizli saxla, çünki o, uzaq dövrə aiddir». |
27. | Onda mən Daniel taqətdən düşdüm və bir neçə gün xəstə oldum. Sonra qalxıb padşahın işləri ilə məşğul olmağa başladım. Mən bu görüntüdən çaşqın hala gəlmişdim, onu anlaya bilmirdim. |
← Daniel (8/12) → |