Colossians (1/4) → |
1. | Allahın iradəsi ilə Məsih İsanın həvarisi mən Pauldan və Timotey qardaşdan |
2. | Kolossedəki Məsihdə olan müqəddəs və sadiq bacı-qardaşlara salam! Atamız Allahdan sizə lütf və sülh olsun! |
3. | Sizin üçün həmişə dua edərkən Allaha – Rəbbimiz İsa Məsihin Atasına şükür edirik. |
4. | Çünki sizin Məsih İsaya imanınızdan və bütün müqəddəslərə göstərdiyiniz məhəbbətdən xəbərdar olduq. |
5. | İmanınız və məhəbbətiniz göylərdə sizin üçün saxlanan şeylərə bağladığınız ümiddən qaynaqlanır. Bu barədə sizə çatan, Müjdə olan həqiqət kəlamından əvvəlcədən eşitmisiniz. |
6. | Bu Müjdə onu eşitdiyiniz, həqiqətdə Allahın lütfünü dərk etdiyiniz gündən bəri sizdə olduğu kimi bütün dünyada da bəhrə verməkdə və yayılmaqdadır. |
7. | Bunu bizimlə birgə Məsihin qulu və sizin üçün çalışan Onun sadiq xidmətçisi sevimli Epafradan öyrəndiniz. |
8. | O, Ruhdan qaynaqlanan məhəbbətinizin xəbərini də bizə çatdırdı. |
9. | Ona görə bunu eşitdiyimiz gündən bəri sizin tam hikmət və ruhani idrakla Allahın iradəsini bütünlüklə qavramanız üçün biz də dualarımızı və yalvarışlarımızı kəsmədik. |
10. | Belə ki Rəbbə layiq şəkildə həyat sürərək Onu hər cəhətdən razı salasınız və hər cür xeyirli əməldə bəhrə verib Allahı tanımaqda böyüyəsiniz, |
11. | hər şeyə dözərək səbir edə bilməniz üçün Onun izzətli qüvvəsinə güvənərək hər cür qüdrətlə möhkəmlənəsiniz, |
12. | müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. |
13. | O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü. |
14. | Oğlunda satınalınmaya – günahlarımızın bağışlanmasına malikik. |
15. | Görünməz Allahın surəti və bütün yaradılış üzərində ilk doğulan Odur. |
16. | Çünki göylərdə və yerdə olan, görünən və görünməyən hər şey – taxtlar, ağalar, başçılar, hakimlər Onda yarandı. Nə varsa, Onun vasitəsilə və Onun üçün yarandı. |
17. | Hər şeydən əvvəl var olan Odur və hər şey Onda bərqərar olur. |
18. | Bədənin, yəni imanlılar cəmiyyətinin Başı da Odur. Hər şeydə birinci olsun deyə başlanğıc olan, ölülər arasından dirilərək ilk doğulan Odur. |
19. | Çünki Allah Onda tam bütövlüyü ilə yaşamağa |
20. | və Onun vasitəsilə, çarmıxda axıdılan qanı ilə barışıq yaradaraq həm yerdə, həm də göylərdə olan hər şeyi Özü ilə barışdırmağa razı oldu. |
21. | Etdiyiniz pis əməllərə görə bir zamanlar düşüncələrinizdə Allaha yad və düşmən idiniz. |
22. | İndi isə Məsih cismən ölməklə Öz bədəni vasitəsilə sizi Allahla barışdırdı ki, sizi Onun qarşısında müqəddəs, ləkəsiz və nöqsansız təqdim etsin. |
23. | Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum. |
24. | İndi sizin üçün əzab çəkdiyimə sevinirəm və Məsihin Öz bədəni olan imanlılar cəmiyyəti uğrunda çəkdiyi əziyyətlərin qalanını canıma cəfa verərək tamamlayıram. |
25. | Allahın sizin üçün mənə verdiyi vəzifəyə görə mən bu cəmiyyətin xidmətçisi oldum ki, Allahın kəlamını, |
26. | yəni əsrlərdən və nəsillərdən gizlədilən, indi isə Onun müqəddəslərinə açılan sirrini tam bəyan edim. |
27. | Allah millətlər arasında bu sirrin izzətinin necə zəngin olduğunu müqəddəslərə bildirmək istədi. Bu sirr sizdə olan Məsihdir. O sizə izzətə qovuşmaq ümidini verir. |
28. | Hər bir insanı Məsihdə kamilləşmiş olaraq Allaha təqdim etmək üçün hamıya tam müdrikliklə nəsihət və təlim verərək Məsihi bəyan edirik. |
29. | Bu məqsədlə də zəhmət çəkirəm və Onun məndə qüdrətlə fəaliyyət göstərən qüvvəsi ilə mübarizə aparıram. |
Colossians (1/4) → |